...

Mayın 28-də İran parlamentinin qarşısında kütləvi mitinq keçiriləcək

Siyasət Materials 23 May 2006 12:41 (UTC +04:00)

İranda yaşayan azərbaycanlıların son günlər keçirdikləri etiraz aksiyasının davamı kimi mayın 28-də Təbriz vaxtı ilə saat 10.00 da Tehran parlamentinin qarşısında kütləvi mitinq keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Strateji Araşdırmalar Mərkəzindən məlumat verilib. Kütləvi aksiyada Güney Azərbaycanın şəhərlərindən - Təbriz, Ərdəbil, Urmu, Zəncan, Həmədan, Qəzvin, Kərəc, Miyana, Xoy, Sulduz, Qoşaçay, Soyuq Bulaq, Mərənd, Xiyov, Əhər, Əcəbşər, Tufarqan, Bicar, Erak, Qum, Astara, Maki, Səlmas, Şəbüstər, Gərmi, Şəhriyar və İslamşəhərdən, eləcə də bölgələrdən azərbaycanlıların iştirakı planlaşdırılır.

Bu kütləvi mitinqin tələbləri və qətnaməsi artıq hazırlanıb. Belə ki, Güney azərbaycanlılar İranda Azərbaycan dilinin rəsmi dil elan edilməsini, Azərbaycan türklərinin öz dilində ibtidai və ali təhsil almalarını, onlara məxsus kütləvi informasiya vasitələrinin- qəzet, jurnal, radio, televiziyanın Azərbaycan dilində nəşrinə və yayımlanmasına rəsmi formada icazə verilməsini, Babəkin doğum gününün Azərbaycan türklərinin Milli bayrami kimi təqvimə salınmasını və bu bayramın keçirilməsinə heç bir məhdudiyyət qoyulmamasını tələb edirlər. Həmçinin Azərbaycan türk dili və ədəbiyyatı, milli musiqisinin azad şəkildə fəaliyyət göstərməsinə şərait yaradilması, mədəniyyət mərkəzlərinin açılması, Azərbaycanın ictimai- siyasi xadimlərinə və onların təşkilatlarına qarşı repressiyalara son qoyulması, siyasi məhbusların azad olunması, Güney azərbaycanlıların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması üçün ciddi tədbirlər görülməsi, yeni iş yerləri açılması, milli sərvətlərin istifadəsində onların haqqının tanınması, yarımçıq qalmış layihələrin başa çatdırılması, parlamentdə türkdilli millət vəkillərindən ibarət türkdilli fraksiyanın yaradilması da tələblər sırasındadır.

Xəbər lenti

Xəbər lenti