...

DAK nümayəndələri Güney Azərbaycanda milli hərəkatın davam etdiyini bildirirlər

Siyasət Materials 2 İyun 2006 13:07 (UTC +04:00)

İyunun 2-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı davam edir" mövzusunda mətbuat konfransı keçirilib. Trend in məlumatına görə, toplantıda Güney Azərbaycanda baş verən hadisələr, etiraz aksiyaları barədə danışılıb.

DAK-ın mətbuat xidmətinin məlumatına görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində aksiyalar zamanı 24 nəfər həlak olub, 44 nəfər yaralanıb, 106 nəfər həbs edilib. Mətbuat konfransında şəhid olanların, yaralananların və həbs edilənlərin siyahısı jurnalistlərə təqdim olunub. DAK Məclisinin üzvü Əjdər Tağızadə bildirib ki, Güney Azərbaycanda gedən proseslər milli hərəkata çevrilib və soydaşlarımızın tələbləri istiqlalçılıq, türkçülük, bütövləşmə tələbləridir. O, Güneydə hərəkatda guya Amerikanın, kürdlərin əli olması barədə deyilənləri təkzib edərək bildirib ki, güneyli azərbaycanlılar öz siyasətlərində müstəqildirlər. DAK-ın Bakı nümayəndəliyinin rəhbəri professor Paşa Qəlbinur bildirib ki, İranda "Misaq" adlı qəzetdə dərc olunan xəritədə Azərbaycan Respublikası "Şimali İran" kimi təqdim olunur, Qarabağ isə Ermənistan ərazisi kimi göstərilib. Tədbirdə sözügedən qəzet nümayiş etdirildi.

Güney Azərbaycanın Culfa, Mərənd, Təbriz şəhərlərində keçirilən aksiyalarda iştirak etmiş Sərvər Məsimli polis qüvvələrinin bu şəhərləri əhatə etməsindən, aksiyalara müdaxiləsindən danışıb. Onun sözlərinə görə, Güney Azərbaycanda artıq milli hərəkat yetişib,

Lakin Azərbaycan Respublikasında buna ictimai diqqət azdır. Tədbirdə çıxış edən DAK-ın nümayəndələri qeyd ediblər ki, Azərbaycanda mövqeyindən asılı olmayaraq bütün ictimai-siyasi qüvvələr, ziyalılar, ictimaiyyət Güneyi diqqətdə saxlamalıdır, çünki Bakının bu milli hərəkatda çox böyük önəmi var. DAK-ın mətbuat xidmətinin rəhbəri Əli Nicat bildirib ki, artıq iki həftədir Güney Azərbaycanda aksiyalar, nümayişlər davam edir. Onun sözlərinə görə, bu hadisələrdən sonra İranla Azərbaycan arasmında viza məsələsində problemlər yaranıb, İrana qanuni yolla getmək çətinləşib.

Xəbər lenti

Xəbər lenti