...

Azərbaycan və Almaniya 6 yeni müqavilə imzalayıblar

Siyasət Materials 16 Fevral 2007 17:17 (UTC +04:00)

Bu gün Berlində Azərbaycan-Almaniya biznes-forumu çərçivəsində Azərbaycan və Almaniya iş adamları arasında 6 sənəd imzalanıb. Tədbirdə iştirak edən Azərbaycanda ixracın və investisiyaların təşviqi fondunun (AZPROMO) sədri Anar Quliyev Trend ə məlumat verib ki, iş adamları arasında ikitərəfli danışıqlar davam etdiriləcək və razılaşmaların əldə olunacağı gözlənilir, lakin artıq başqa sənədlərin imzalanacağı ehtimal olunmur.

Azərbaycanın Improtex Track & Baces şirkəti üç Almaniya tərəfdaşı - istehsal etdiyi avadanlığın eksklüziv dilerliyi üçün Lipher Export AG, 3 mln. avro həcmində avtomobil texnikasının alınması üçün Man və 2,3 mln. avro məbləğində avadanlığın alınması və distribyutorluğu üçün Faun ilə müqavilə imzalayıb.

Birgə müəssisənin yaradılması haqqında ikinci müqavilə Naxçıvan mebel fabriki və Almaniyanın Bio Etanol Arnburg şirkəti arasında bağlanıb. Həmçinin Sumqayıtın ADES şirkəti və Almaniyanın Mark şirkəti arasında əməkdaşlıq haqqında memorandum, "Bakı məişət qabları" və Almaniyanın Remax şirkəti arasında 450 min avro məbləğində pressformanın alınması haqqında müqavilə, "Karvan-1" və Clariant Iberica arasında 250 min ABŞ dolları məbləğində karbon turşusunun reallaşdırılması haqqında müqavilə imzalanıb. "Bakı elektrik şəbəkəsi" və Almaniyanın Siemens şirkəti arasında bağlanmış qarşılıqlı anlaşma haqqında memorandumda Azərbaycanda 30 mln. avro məbləğində stansiyanın tikintisi nəzərdə tutulub.

Biznes-forum Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilir, onun təşkilatçıları qismində isə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və AZPROMO çıxış edir.

Tədbirdə iki ölkənin rəsmi şəxsləri, ölkənin qeyri-neft sektorundan 30-dan çox iş adamı və 150-dən çox Almaniya şirkəti və təşkilatları iştirak edir. Şirkətlər bank, telekommunikasiya, nəqliyyat, tikinti, aqrar sektorları təmsil edir.

Xəbər lenti

Xəbər lenti