...

Xarici işlər nazirinin müavini: Azərbaycan və Rusiya sərhədlərinin 90 faizi müəyyənləşib

Siyasət Materials 28 Mart 2007 20:30 (UTC +04:00)
Xarici işlər nazirinin müavini: Azərbaycan və Rusiya sərhədlərinin 90 faizi müəyyənləşib

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan və Rusiya arasında sərhədlərin müəyyənləşdirilməsi üçün indiyə qədər işlərin 90 faizi başa çatdırılıb. Ancaq komissiyanın işini davam etdirməsinə ehtiyac var. İclasda razılaşdırılmamış üç sahənin detalları müzakirə olunub. Bu barədə Azərbaycan-Rusiya sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyasının həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Xələfovun sözlərinə görə, burada bəzi detallar var ki, mövqelər müəyyən qədər yaxınlaşsa da, tamamilə razılaşma əldə olunmayıb. XİN rəsmisi bildirib ki, komissiyanın növbəti görüşü Rusiyada olacaq. Görüşdən öncə komissiyanın ekspertləri müvafiq detallar üzərində işləyəcək: "Növbəti görüşdə çalışacağıq ki, hər hansı müqavilə imzalansın. Əsas odur ki, hər iki dövlətdə sərhədlərin müəyyənləşdirilməsi istəyi var".

Komissiyanın rusiyalı həmsədri Aleksandr Yakovenko isə bildirib ki, iclasda müəyyən detallarla bağlı yaxınlaşma var: "Danışıqlar xoş niyyət çərçivəsində həyata keçirilir. Mən inanıram ki, biz sərhədlərin müəyyənləşdirilməsində milli maraqlara xidmət edəcək razılaşma əldə edəcəyik. Əsas odur ki, elə bir ciddi mübahisə doğuracaq ərazi qalmayıb. Artıq mübahisəli məsələlərin 90 faizi həllini tapıb".

Azərbaycan-Rusiya sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın dünən başlayan iclası bu gün başa çatıb.

Xəbər lenti

Xəbər lenti