...

Tofiq İsmayılov: "Müharibə dövründə bu qədər komik film çəkilməsi faciədir"

Cəmiyyət Materials 20 Oktyabr 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /müx. TrendLife Günel Əhmədova/

1969-cu ildə "Ananın çırağı" ekran əsəri ilə milli kino tarixinmizi zənginləşdirən Tofiq İsmayılov bunun ardınca "Oxuyur Müslüm

Maqomayev", "Mən mahnı qoşuram", "Bizim küçənin oğlanları" və s. bu kimi bədii əsərlərə ekran həyatı verib. Onun sonuncu filmi 1994-cü ildə "Prima" ilə yekunlaşıb. 15 ilə yaxın Türkiyədə çalışan rejissoru Azərbaycanla çox az yaradıcılıq telləri bağlayır. TrendLifea-danışan rejissor deyir ki, türkiyəlilər onu bura gəlməyə qoymurlar, Azərbaycanda isə? ona ehtiyac olmadığı gümanındadır:

-Türkiyə məni buraxmır, buradan isə çağıran yoxdur. Hər dəfə Bakıya gələndə özümü bir çox problemlərin məngənəsində boğulan görürəm.

-Hansı problemlərdən söhbət gedir?

-Müşahidələrim göstərir ki, Azərbaycanın kino tarixi "yox" səviyyəsini yaşayır. Kinomuzun uğurlu keçmişi olub. Amma indi o uğurdan əsər qalmayıb. İndi yalnız tarixi kinolar çəkilir. Amma düşünmürük ki, müharibə şəraitində yaşayan bir millətə keçmişindən çox, onun indisi gərəkdir.

-Demək istəyirsiniz ki, Qarabağ mövzusu bir o qədər qabardılmır?

-Əlbəttə, tarixi və komik janırlarla özümüzü elə bil çərçivəyə məhkum etmişik. Bunu normal hesab etmirəm. Azərbaycan kinosununun,ən azından 5 illik perspektiv planı olmalıdır. Düşünülməmiş addımlar insanı sərhəddən kənara çıxara bilmir. Xatırladım ki, mənim 157 min rus manatına çəkdiyim "Oxuyur Müslüm Maqomayev" filmim bütün dünyaya nümayiş etdirilib. Film çəkəndə yalnız özümüzü yox, daha geniş kütləni, yəni dünya səhnəsini düşünmək lazımdır.

-Bu istiqamətdə tövsiyələriniz olub?

-Əslində, bunun üçün dərindən düşünmək lazım deyil. Azərbaycana güclü texnika ilə yanaşı, perspektivli kadrlar da tələb olunur. Biz ekran həyatı verdiyimiz filmin gələcəyini mütləq düşünməliyik.

-Fikrinizcə, ölkəmizdə peşəkraların sayı arzuolunmaz dərəcədədir?

-Mütəxəssislər görmürəm. Azərbaycanda yaşı uzun dövrü əhatə edən İncəsənət Universiteti fəaliyyət göstərir. Amma müəllimlərin peşəkralığı qənaətbəxş deyil.

-Türkiyədə yetişdirdiyiniz tələbələrin dünya səhnəsinə çıxa biləcək imkanları var?

-Əlbəttə. Memar Sinan adına İncəsənət Universitetində yetişdirdiyim tələbələr öncə bunu düşünürlər. İstanbul Böyük şəhər Bələdiyyəsinin mədəniyyət bölməsində sədrin müşaviri vəzifəsində çalışıram. Amma mənTürkiyədən daha çox, Azərbaycanın mədəniyyətinə xidmət edirəm. Çox yaxşı olardı ki, Azərbaycandan ora tələbələr göndərilsin.

-Sizə Azərbaycanda kino çəkmək imkanı verilsə, hansı mövzuya toxunarsınız?

-Əlbəttə ki, Qarabağ mövzusuna. Bir az əvvəl dediyiniz sulanıza cavab olaraq onu da bildirim ki, Azərbaycanda Qarabağ, Xocalı problemləri kiçik həcmli ekran əsərləri ilə məhdudlaşıb. Əslində, bu faktı olduğu kimi, iri ekran əsəri şəklində təcrübəli və bacarıqlı kadrların hesabına dünyaya çatdırmaq lazımdır. Onda səsimizi dünyaya çox asan çatdıra bilərik.

-Sonuncu "Cavad xan", "Hüseyn Cavid" filmlərini izləyə bilmisiniz?

-Eyni zamanda, Mehriban Ələkbərzadənin "Məhkumların cənnəti"ni izləmişəm. Azərbaycanın kinematoqrafiyasında baş verənlərin hamısından xəbərdaram. "Cavad xan" ın texniki cəhətdən və kadr baxımından kasadlıq yaşadığı özünü göstərir. Filmdə boşluqlar var. "Hüseyn Cavid" filmi məndə xoş təəssürat yaratdı. Amma orada da sənət baxımından çatışmayan məqamlar var. "Məhkumların cənnəti"də isə, Mehriban xanım bir rejissor kimi imkanlarını göstərə bilib. Amma dediyim kimi, Qarabağ problemi ola-ola, cüzam xəstəliyi barədə danışmaq bir o qədər vacib məsələ deyil.

-Komik filmlərin süjet xətti sizdə hansı fikiri oyadır?

-Müharibə şəraitində olan bir ölkənin bu qədər komik film çəkməsi faciədir. Filmlərin süjet xətti insanı, gulməkdən çox, ağladır. Sizcə, "Məhəllə" kimə lazımdır? Eyni zamanda, azərbaycanlı xanımların mətbəx təcrübələri bir o qədər aşağıdır ki, efirdə bu sayaq verilişlər cövlan edir?

-Uzun illər Türkiyənin TRT kanalında çalışmısınız. Kanalla əlaqələriniz davam edirmi?

-Sıx olmasa da, əməkdaşlıq var. Tele-şirkətdə mənim rejissorluğumla "Çingiz xanın sirri" adlı 7 hissəli film çəkilir. Eyni zamanda, 15 il

bundan əvvəl başladığım və çəkilişləri yarımçıq qalan bir ekran işini tamamlamaq niyyətindəyəm. Bu, Tofiq Quliyevə həsr olunmuş "Özüm və zaman haqqında" filmidir. Ekran işini Eldar Quliyevlə birgə çəkməyə başlamışdıq. Hələ Tofiq müəllim dünyasını dəyişməmişdi... Filmdə onun çıxışı və ölümündən sonra yaradıcı insanların xatirələri yer alacaq. Gələn ay, bəstəkarın ad gününə kimi filmi təhvil verməyi düşünürəm. Paralel olaraq, Mövalanə Cəlaləddin Ruminin yubileyinə Rəfael Hüseynovun ssenarisi əsasında "Gəl, Rumi" adlı film çəkirəm. Ən böyük arzum isə, Füzuli haqqında film çəkməkdir.

-Anarla yaradıcılıq əməkdaşlığınız davam edəcək?

-Qohumluq münasibətlərinə görə, bir müddət Anarla işbirliyimə fasilə vermişəm. Düşündüm ki, qohumluqla işbirliyimizi müəyyən istiqaəmtələrə yozanlar olar. Amma işləməyin vacib olduğunu nəzərə alıb, onunla "Dədəd Qorqud" haqqında film ərsəyə gətirməyi düşünmüşəm. Daha sonra "Füzuli"ni ekranlaşdıracağam.

Xəbər lenti

Xəbər lenti