Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir C.Babayeva /
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 25-də ali məktəb tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdünün verilməsi üzrə test imtahanı keçirəcək.
İmtahanda iştirak etmək üçün 594 tələbənin namizədliyi qəbul edilib. TQDK-nın cümə günü yaydığı məlumatda bildirilib.
"TQDK tərəfindən keçirilən müsabiqənin birinci turunda tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur. Hər suаl bir bаllа qiymətləndirilir və 1 sааt dаvаm еdən imtаhаn nəticəsində yüksək bal toplamış namizədlər ikinci turda ARDNŞ-nin əməkdaşlarından ibarət komissiyanın müsahibəsində iştirak edəcəklər", - məlumatda deyilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti savadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə 2004-2005-ci tədris ilindən etibarən təqaüd proqramını həyata keçirir. 2006-cı ildən etibarən tələbələr təqaüdlərini onların hər biri üçün ARDNŞ tərəfindən açılmış fərdi plastik kart vasitəsilə istənilən bankdan ala bilir.
ARDNŞ 2008-ci ildə yeni - "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi haqqında" Əsasnamə təsdiq edib. Əsasnaməyə görə, artıq müsabiqədə ARDNŞ-də tələb olunan ixtisaslar üzrə Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələri üzrə tələbələri iştirak edə bilərlər. Hər kurs üzrə təqaüdçülərin sayı da 30-dək artırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]