...

Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin sabiq müdiri və əməkdaşlarının məhkəməsi başlayıb

Cəmiyyət Materials 15 İyul 2009 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , muxbir H.Bağırov / 

Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin sabiq müdiri Musa Musayev və şöbənin daha 5 əməkdaşının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin sabiq müdiri Musa Musayev, aparıcı mühasib Fərman Cabbarov, şöbənin əməkdaşları Bahar Zamanov, Elman Məmmədov, Zaur Şirinov, Aqil Salmanov Cinayət Məcəlləsinin (mənimsəmə və ya israf etmə) 179.3.2, (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) 311.2, (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) 311.3.1, (təkrar rüşvət alma) 311.3.2, (küllü miqdarda rüşvət alma) 311.3.3, (vəzifə saxtakarlığı) 313-cü maddələri ilə ittiham olunurlar.

Məhkəmə prosesində dövlət ittihamçısı Nazim Xəlilov ittiham aktını elan edib. Musayev elan olunmuş ittihamları qəbul etməyib və bildirib ki, vəzifəsində yol verdiyi səhlənkarlığa görə mühakimə edilməlidir. Onun sözlərinə görə, rəhbərlik etdiyi şöbədə vətəndaşlardan rüşvət alınmasından xəbəri olmayıb. Digər təqsirləndirilən şəxslər isə ittiham üzrə özlərini qismən təqsirli biliblər.

İttihama görə, Cabbarov Fərman Baloğlan oğlu 2004-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsində aparıcı mühasib vəzifəsində işləyərkən şöbənin müdiri Musayev Musa Rəfi oğlu və digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2007-2008-ci illər ərzində rüşvət almaqla 95 nəfər pensiya almaq hüququ olmayan və 15 nəfər əlillik müddəti qurtarmış şəxslərə qanunsuz pensiya ödənişləri aparılması ilə bağlı rəsmi sənədlərlə bilə-bilə yalan məlumat daxil ediblər. Nəticədə Cabbarov etibar edilmiş özgə əmlakı olan cəmi 78.417 manat məbləğində pul vəsaitlərini israf etmə yolu ilə talayaraq dövlətə külli miqdarda ziyan vurub.

Müəyyən edilmişdir ki, pensiya almaq hüququ olmayan 95 şəxsin adına pensiya təyinatı aparılmadan alınan pensiya kartları üzrə 01.09.2008-ci ilədək cəmi 66.803 manat məbləğində, həmçinin 15 nəfər pensiyaçının əlillik müddəti qurtardığı halda pensiya ödənişləri davam etdirilməklə cəmi 11.613 manat qanunsuz pul ödənilib.

Pensiya təyinatı aparılmadan onların adları kompyuter bazasına daxil edilib, həmin şəxslərin adlarına pensiya kartları alınması üçün sifarişlər müdiriyyətə təsdiq etdirilib, daha sonra "Kapitalbank"ın Ağcabədi rayon filialına göndərilib.

Məhkəmə iyulun 27-də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti