...

Azərbaycanın ali və orta məktəblərində çərşənbə günü fənn olimpiadaları keçirilib

Cəmiyyət Materials 26 May 2010 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın ali və orta məktəblərində çərşənbə günü fənn olimpiadaları keçirilib.
Trend-in məlumatına görə, çərşənbə günü "Xüsusi istedadlı uşaqların yaradıcılıq potensialının aşkara çıxarılması üzrə Dövlət Proqramı" çərçivəsində riyaziyyat fənni üzrə xüsusi istedadlı uşaqların seçimi keçirilib. Üç gün davam edəcək olimpiadada kimya, fizika, biologiya və riyaziyyat fənnləri üzrə müsabiqə təşkil olunacaq.

Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, bu müsabiqələrdə iştirak edən uşaqların sayı hər il artır. Riyaziyyat fənni üzrə seçimdə ölkənin bütün bölgələrindən 350-dən artıq VIII-XI sinif şagirdləri iştirak edir. Bu say 2 il əvvəllə müqayisədə 2 dəfə artıqdır.

"Burada xüsusi istedadı ilə seçilən şagirdlər valideynlərinin və özlərinin razılığı ilə Bakıda və Sumqayıtda yerləşən xüsusi istedadlı uşaqlar üçün nəzərdə tutulan məktəblərə göndərilir", - Mərdanov əlavə edib.

Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi və təhsil işçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali məktəb tələbələrinin XV Respublika Olimpiadasının yekun turuna start verilib. Olimpiadanın yekun turunda 11 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili) 630 tələbə iştirak etmək hüququ qazanıb. Olimpiadanın yekun turunda Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərinin universitet tələbələri iştirak ediblər.

Tədbirdə XIV respublika fənn Olimpiadasının qalibləri də mükafatlandırılıb. 2009-cu ildə keçirilən XIV Olimpiadada müxtəlif fənlər üzrə 11 nəfər 1-ci yerə, 22 nəfər 2-ci yerə, 33 nəfər isə 3-cü yerə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti