...

TQDK sınaq imtahanlarının nəticələrində süni bal artımının müşahidə edildiyini açıqlayıb

Cəmiyyət Materials 18 Aprel 2012 17:24 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ötən sınaq imtahanları ilə bağlı aparılan təhlillər zamanı bəzi abituriyentlərin sınaq imtahanlarının nəticələrində süni artımın müşahidə edildiyini açıqlayıb.
TQDK sınaq imtahanlarının nəticələrində süni bal artımının müşahidə edildiyini açıqlayıb

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ötən sınaq imtahanları ilə bağlı aparılan təhlillər zamanı bəzi abituriyentlərin sınaq imtahanlarının nəticələrində süni artımın müşahidə edildiyini açıqlayıb.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, bəzi abituriyentlər ilk sınaqda iştirak etdikləri halda, təkrar sualların təqdim edildiyi növbəti sınaq imtahanına da qatılırlar. Bu halda da onların suallar barədə məlumatlı olduqlarına və artıq düzgün cavabları bildiklərinə görə onların sınaq imtahanı nəticələrində süni artım müşahidə edilir.

Təkrar sınaqlarda iştirak edən abituriyentlərdən bəzilərinin birinci imtahanda topladığı bal 150, 211, 295 olduğu halda, "tanış suallar"dan nəticələr 600-dən yuxarı, bəzilərində isə hətta 700 bal və ya həmin nəticəyə yaxın olub.

Təcrübə göstərir ki, belə hallar valideynlərdə öz övladlarının bilik səviyyəsi ilə bağlı yanlış təsəvvürlərin yaranmasına gətirib çıxarır.

"Nəzərə alsaq ki, imtahan texnologiyaları ilə bağlı məlumatlı olmayan valideynlər bu cür "yüksək" nəticənin təkrar sınaqdan qeydə alındığını bilmirlər. Sonradan qəbul imtahanlarında övladlarının yaxşı nəticə əldə etmədiyini öyrəndikdə təəccüblənirlər. Unutmaq lazım deyil ki, sınaq imtahanlarının nəticələri ali məktəblərə qəbul olmaq üçün həlledici rola malik deyil. Bu sınaqlar yalnız abituriyentlərə özlərini real imtahan şəraitində hiss etmək, qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək kimi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. Odur ki, abituriyentlərdən öz imtahan nəticələrini bu kimi üsullarla süni surətdə artırmaqla özlərini və yaxınlarını aldatmamağı tövsiyə edirik", - TQDK-dan bildirilib.

Qeyd edək ki, aprelin 8-dən etibarən abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına, onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrinin real qiymətləndirilməsinə kömək məqsədilə Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında sınaq imtahanları keçirilir. İmtahanların iyun ayının 10-dək keçirilməsi nəzərdə tutulub. İmtahanlarda istifadə olunan test kitabçaları (yeni) əsasən növbəti həftə keçirilən sınaq imtahanında (təkrar) yenidən təqdim edilir.

Xəbər lenti

Xəbər lenti