Azərbaycan, Bakı, 22 may /Trend/
"Təmiz Şəhər" ASC və Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA (International Dialogue for Environmental Action) Kampaniyasının birgə həyata keçirdiyi "Bakı Debat Forumu "Yaşıl Düşüncə Kuboku-2012" layihəsi uğurla başa çatmışdır.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 21-də keçirilmiş tədbirdə debat yarışlarının finalında Azərbaycan və rus bölməsi üzrə qalib gələn iki universitetin komandası Yaşıl Düşüncə Kuboku ilə təltif olunmuş, debat forumlarında iştirak etmiş bütün tələbələrə sertifikatlar verilmişdir.
Tədbirdə çıxış edən "Təmiz Şəhər" ASC-nin şöbə müdiri Oqtay Məmmədov tələbələrə debat forumlarında fəal iştiraklarına və ətraf mühitin mühafizəsinə göstərdikləri marağa görə təşəkkür etmiş, gənclərin ətraf mühitin mühafizəsində öz məsuliyyətlərini dərk etməsinin, "yaşıl düşüncə" tərzinin inkişaf etdirilməsinin, tullantıların düzgün idarəolunmasının gənclər tərəfindən təbliğ edilməsinin önəmli olduğunu qeyd etmişdir.
Gənclərin məişət tullantılarının idarəolunması sahəsinə ətraf mühitin mühafizəsi və "yaşıl düşüncə" prizmasından yanaşmanı təbliğ etmək məqsədilə keçirilmiş bu layihə çərçivəsində 18 ali təhsil müəssisəsində təhsil alan 2000-dən çox tələbəyə təlimlər keçirilmiş, universitetdaxili və universitetlərarası Debat Forumları təşkil edilmişdir. Təlimlərdə iştirakçılara bərk məişət tullantıları anlayışı, tullantıların idarə olunmasının ekoloji əsasları, tullantıların azaldılması, təkrar istifadə və çeşidləməni nəzərdə tutan "3R" konsepsiyası haqqında məlumat verilmişdir.
Debat Forumlarda isə tələbələr bərk məişət tullantılarının çeşidlənməsinin vətəndaşlar tərəfindən aparılması çeşidləmə müəssisələri tərəfindən aparılmasından daha effektiv olması və tullantıların idarə olunmasında istehsalçı məsuliyyətinin istehlakçı məsuliyyətindən daha yaxşı nəticə verməsi kimi mövzularda müzakirələr aparmışlar.
"Yaşıl Düşüncə Kuboku-2012" layihəsi "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir.