...

Azərbaycanda magistraturaya qəbul üçün imtahan verəcək bakalavrların sayı açıqlanıb

Cəmiyyət Materials 22 İyun 2012 11:29 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistratura səviyyəsinə qəbul üçün iyunun 24-də keçirəcəyi imtahanda 8529 nəfər bakalavr imtahan verəcək
Azərbaycanda magistraturaya qəbul üçün imtahan verəcək bakalavrların sayı açıqlanıb

Azərbaycan, Bakı, 22 iyun /Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistratura səviyyəsinə qəbul üçün iyunun 24-də keçirəcəyi imtahanda 8529 nəfər bakalavr imtahan verəcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin gün Bakı, Naxçıvan və Gəncə şəhərlərində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək.

Bakalavrlardan 7652 nəfəri Bakıda, 221 nəfərinin Naxçıvanda, 656 nəfərinin Gəncədə imtahan verəcək. İmtahanın keçirilməsi üçün Bakıda 11, Naxçıvan və Gəncənin hər birində isə 1 imtahan mərkəzi ayrılıb. İmtahan saat 13.00-da başlayacaq. Bakalavrlar üçün sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

TQDK sədrinin sözlərinə görə, imtahanın ikinci mərhələsində iştirak edəcək bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etdiriblər. Bu hüquqa malik olan bakalavrlardan 8529 nəfəri qəbul proqramını seçərək təsdiqlədib. Onlardan 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunudur.

Abbaszadə deyib ki, həmin bakalavrların 3661 nəfəri oğlanlar, 4868 nəfəri qızlardır. Bakalavrların 5110 nəfəri ali təhsil müəssisələrinin bu ilki, 3419 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

TQDK sədri əlavə edib ki, imtahanın nəticələri TQDK-nın rəsmi saytında yerləşdiriləcək. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

Xəbər lenti

Xəbər lenti