Azərbaycan, Bakı, 26 sentyabr /Trend müxbir K.Zərbalıyeva/
Ötən həftə Azərbaycanın cənub rayonlarında və Bakıda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər saxlanılıb.
Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-dən 21-dək Xidmət tərəfindən Bakı şəhərində, həmçinin Biləsuvar, Lerik və Masallı rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.
Keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 49 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.