...

İsmayıllı hadisələri ilə bağlı 4 nəfər həbs olundu

Cəmiyyət Materials 4 Fevral 2013 20:01 (UTC +04:00)
Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və "Real" Hərəkatının həmsədri İlqar Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.
İsmayıllı hadisələri ilə bağlı 4 nəfər həbs olundu

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və "Real" Hərəkatının həmsədri İlqar Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Onlar İsmayıllı hadisələri zamanı ictimai-siyasi sabitliyi pozmağa yönələn çağırışlar etməkdə ittiham olunur.

Qeyd edilən cinayət işi üzrə Yaqublu Tofiq Rəşid oğlu, Məmmədov İlqar Eldar oğlu, həmçinin İsmayıllı rayon sakinləri Abdullayev Mirkazım Mirəzim oğlu və İsmayıllı Elşən Səməd oğlu Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Nəsimi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Respublika Prokurorluğu və DİN-in yanvarın 29-da yaydığı birgə bəyanatda bildirilmişdi ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və "Real" Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Xatırladaq ki, yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra isə bir neçə kütləvi etiraz aksiyası baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti