Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin bir səbəbi də yolların nasaz vəziyyətdə olmasıdır. Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
"Baş verən yol-nəqliyyat hadisələrinin bir səbəbi də yolların nasaz vəziyyətdə olmasıdır. Ötən il ərzində respublika ərazisində 26 yol qəzası məhz yolların qeyri-kafi vəziyyətdə olması səbəbindən baş verib. Nəticədə 6 nəfər ölüb, 26 nəfər xəsarət alıb", - yol polisi rəsmisi bildirib.
Şöbə rəisinin sözlərinə görə, belə hallar baş verdikdə, yolların qeyri-kafi vəziyyəti ilə bağlı müvafiq qurumlara, yolların təmir-tikintisi ilə məşğul olan əlaqədar təşkilatlara, yol idarələrinə mütəmadi olaraq məktublar yazılaraq müraciət edilir və həmin yolların normal vəziyyətə gətirilməsi xahiş edilir.
"Bəzən yollarda təmir-tikinti işləri aparılarkən də qəzalar baş verir. Bəzən təmir-tikinti işləri aparılarkən bununla bağlı nişanlar qoyulmur, bəzən hətta sürücülər o nişanları vurub salırlar. Bəzən də ərazidə işləyən fəhlələr məsuliyyətsizlik ucbatından yol nişanlarını kənara çəkir, düz qoymurlar", - Əliyev qeyd edib.