...

İTV departament direktoru müavininin işdən çıxarılması ilə bağlı şərh verib

Cəmiyyət Materials 5 Avqust 2013 16:26
Ötən həftənin axırlarında ölkənin bir sıra internet portallarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Gənclər, elm və təhsil departamenti direktorunun müavini Ruhəngiz Mehmanqızının işdən çıxarılması ilə bağlı xəbər yayılmışdı.
İTV departament direktoru müavininin işdən çıxarılması ilə bağlı şərh verib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir M.Əliyev/

Ötən həftənin axırlarında ölkənin bir sıra internet portallarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Gənclər, elm və təhsil departamenti direktorunun müavini Ruhəngiz Mehmanqızının işdən çıxarılması ilə bağlı xəbər yayılmışdı.

Trend-in məlumatına görə, İTV-nin İctimaiyyətlə Əlaqələr Departamenti bununla bağlı şərh verib:

"Ruhəngiz Mehmanqızı işdən çıxarılması səbəblərini sadəlövhcəsinə cəmi üç gün departament direktorunun icazəsi əsasında işə çıxmaması ilə əlaqələndirir. Əslində isə məsələ tamam başqa cürdür. Xanım jurnalist bu il mayın 25-dən 29-dək heç bir icazə və ezamiyyə sənədləri olmadan ölkə ərazisini tərk etmiş və Gürcüstana getmişdir. Gürcüstan turnesi iyulun 13-dən 20-dək yenidən təkrarlanıb. Təəssüf ki, bu dəfə də şirkət rəhbərliyinin deyil, işlədiyi departament direktorunun şifahi icasəsi ilə. Halbuki Cəsarət Valehov bu faktı sonradan inkar etmişdir. Atdığı riskli addımları isə finişdə Ruhəngiz xanımın xeyrinə sonuclanmış, departament direktoru Cəsarət Valehov öz müavininin adını maaş cədvəlinə yazaraq işdə olmadığı günlər üçün də əməkhaqqı almasına şərait yaratmışdır. Ola bilər ki, Ruhəngiz xanım qeyd olunan günlərdə Gürcüstanda olmadığını iddia etsin, lakin onun ölkə sərhədini keçməsi ilə bağlı təkzibedilməz faktlar artıq ortadadır. Doğrudur, sonradan o, uşağının hansısa infeksiyaya tutulması səbəbindən işdə olmadığını bildirib, lakin bu barədə hər hansı sənəd, yaxud tibbi arayış təqdim etməyib. Şirkət rəhbərliyi isə əməkdaşın qadınlığını və insanpərvərlik prinsiplərini nəzərə alaraq, onun öz ərizəsi ilə işdən çıxmasına razılıq verib. Bu isə Ruhəngiz xanımı əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı sonradan rastlaşacağı problemlərlə üz-üzə qoymayıb".

Qeyd olunur ki, məsələyə hüquqi prizmadan yanaşsaq, Ruhəngiz xanımın icazəsiz işdə olmaması, ölkəni tərk etməsi departament direktorunun müavini kimi hansı məsuliyyət yiyəsi olduğunu açıq-aydın göstərir:

"Digər informasiya orqanları kimi, İTV də fasiləsiz olaraq xalqın xidmətindədir. Departament direktoru və onun müavini isə daşıdıqları məsuliyyəti unudaraq daim iş başında olmamaqları bir yana, İTV-nin maliyyə vəsaitini düşünmədən mənimsəməyi bacarıblar.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində göstərilir ki, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla digər heç bir səbəb göstərilmədən işçinin işə çıxmaması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi üçün əsas ola bilər. Halbuki, adıçəkilən jurnalist xanım üst-üstə 7 gün heç bir yazılı müraciəti olmadan səbəbsiz şəkildə işə çıxmamış, əvəzində həmin günlər üçün ona əməkhaqqı ödənilmişdir. Əcəba, departament rəhbərinin öz müavininə bu cür səxavəti haradan qaynaqlanır? Bu sualın cavabı yəqin ki, tezliklə aydınlaşar. Amma Cəsarət Valehovun da Əmək Məcəlləsinin 72-ci maddəsinin e) bəndinə uyğun hansı məsuliyyət daşıdığını xatırlatmaq yerinə düşərdi. Bu bəndə görə, əslində Cəsarət Valehov öz müavininə şirkət rəhbərliyindən xəbərsiz Gürcüstana getmək üçün şifahi icazə verməklə ciddi hüquq pozuntusuna yol vermiş, işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Baxın, məsələnin əsl mahiyyəti budur.

Digər yaradıcı strukturlar kimi, İTV də ölkənin müvafiq qanun və əsasnamələrinin müəyyənləşdirdiyi prinsiplər əsasında fəaliyyət göstərir və hər bir işçinin hüququnun qorunmasını əsas fəaliyyət meyarı hesab edir. Lakin işəgötürənin, mülkiyyətçinin qanuni mənafeyinə zidd hərəkətlərin müqabilində hər hansı tədbirin görülməsi bu strukturda da qaçılmazdır. Ciddi qanun pozuntularına yol verən və cəzasız qalacağını düşünən, eləcə də kiminsə diqtəsinə uyan və nəyinsə tezliklə dəyişəcəyinə inananlar öz gümanlarında ciddi şəkildə yanılırlar. İTV-nin yeni rəhbərliyinin müəyyənləşdirdiyi fəaliyyət prinsipinin mahiyyətini məhz bu cür ifadə etmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti