...

“Neuron Technologies” MMC “İlin İT şirkəti” adına layiq görüldü (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2014 15:16 (UTC +04:00)
“Business Time” jurnalının Azərbaycanda biznesin inkişafına dəstək məqsədi ilə təsis etdiyi ənənəvi “Azeri Business Award-2014” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
“Neuron Technologies” MMC “İlin İT şirkəti” adına layiq görüldü (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"Business Time" jurnalının Azərbaycanda biznesin inkişafına dəstək məqsədi ilə təsis etdiyi ənənəvi "Azeri Business Award-2014" Milli mükafatının təqdimetmə mərasimi keçirilib. Trend-in məlumatına görə, Azərbaycanın sürətlə inkişaf edən İT şirkəti olan "Neuron Technologies" MMC 2014-cü ilin yekunlarına görə "İlin İT şirkəti" adına layiq görülüb. Bu yüksək mükafat şirkətə ölkəmizin İT sahəsinin inkişafına verdiyi töhfələrə görə təltif edilib.

Mükafat şirkətin təsisçisi və baş direktoru İsmayıl Ələkbərova təqdim olunmuşdur. İsmayıl Ələkbərov mükafatın yaradıcılarına öz minnətdarlığını bildirərək, "Neuron Technologies" şirkətinin cari fəaliyyəti və gələcək planları haqda danışmışdır:

"Şirkətimizin Azərbaycanda ilin İT şirkəti mükafatına layiq görülməsi bizə verilən yüksək qiymətdir. Təhsil, səhiyyə, bank və maliyyə sahələri, habelə sənaye və istehsal müəssisələri, nəqliyyat və loqistika, satış və distribyutor müəssisələri üçün biznes proseslərin elektron idarə edilməsi, proqram təminatlarının işlənib-hazırlanması, sistem inteqrasiyaları üzrə ən yeni həlləri, İKT infrastrukturunun yaradılması və konsaltinq xidmətlərini təqdim edirik. Sevindirici haldır ki, yerli mütəxəssislərimiz tərəfindən hazırlanan innovativ həllər ölkəmizin hüdudlarından kənarda da böyük marağa səbəb olub və yaxın zamanlarda məhsullarımızı Mərkəzi Asiya, Şərqi Avropa və Yaxın Şərq ölkələrinə ixrac etmək əzmindəyik. Şirkətimizin müasir biznes idarəetmə modelləri üzrə idarə olunması və fəaliyyətimizin korporativ dəyərlərə söykənməsi qısa zaman ərzində uğurlar qazanmağımıza zəmin yaradıb. Əsas məqsədimiz Azərbaycanın İT sahəsində potensialının qlobal müstəviyə çıxarılması və dünyanın mütərəqqi texnologiyalarının ölkəmizə transferinə nail olmaqdır. Şirkətimizin işləyib-hazırladığı innovativ həllərin region ölkələrinə transformasiyası vasitəsilə Azərbaycanın dünyaya yeni texnologiyalara əsaslanan intellekt ixracatçısına çevrilməsinə və bununla da, qara qızılın insan kapitalına çevrilməsi prosesinə öz töhfəmizi bundan sonra da verməyə hazırıq. Şirkətimizin 2014-cü ilin İT şirkəti adına layiq görülməsi münasibətilə bütün komandamızı təbrik edirəm."

Qeyd edək ki, şirkətin ali təhsil müəssisələrində tədris prosesinin elektron idarəetmə sisteminin ölkəmizin universitetlərində uğurlu tətbiqinə başlanıb. Şirkət xəstəxana informasiya idarəetmə sisteminin, həmçinin bulud texnologiyasına əsaslanaraq, ölkəmizdə aptek müəssisələrinin elektron idarə edilməsini üzrə innovativ həllin tətbiqini nəzərdə tutub. "Neuron Technologies" şirkətinin ölkəmizdə uğurlu tətbiq etdiyi həllərə satışın elektron idarə edilməsi və insan resurslarının idarə edilməsi üzrə elektron sistemlər də daxildir.

Şirkət müasir dövrün tələbləri çərçivəsində dayanıqlı və genişlənən inkişafa nail olmaq üçün elmi tədqiqatlara böyük önəm verir. Bu istiqamətdə AR Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu (Kibernetika İnstitutu) ilə yaxından əməkaşlıq edir. "Neuron Technologies" ilk Azərbaycan şirkətlərindən biridir ki, ölkəmizdə uzun illər ərzində aparılmış elmi tədqiqatların sənayeyə tətbiqi üzrə konkret fəaliyyət planı işləyib hazırlamışdır. Şirkətin bildirdiyinə görə, yaxın zamanda bu tədqiqatların biznesə transformasiyası mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti