...

Azərbaycanın dövlət təhsil müəssisələrində ödənişli xidmətlər yaradılacaq

Cəmiyyət Materials 20 Yanvar 2015 12:08 (UTC +04:00)
Gələn ildən Azərbaycanın dövlət təhsil müəssisələrində ödənişli xidmətlər yaradılacaq.
Azərbaycanın dövlət təhsil müəssisələrində ödənişli xidmətlər yaradılacaq

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Gələn ildən Azərbaycanın dövlət təhsil müəssisələrində ödənişli xidmətlər yaradılacaq. Trend-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda nəzərdə tutulub.

Yeni sənədə əsasən, 2015-2016-cı illərdə Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlər hazırlayacaq. 2016-cı ildən başlayaraq isə həmin mexanizmlərin tətbiqinə başlanacaq.

2017-ci ildən etibarən aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının təmin edilməsi məqsədi ilə maddi dəstək sistemi yaradılacaq və tətbiq olunacaq.

Bununla yanaşı, bu ildən başlayaraq təhsil sistemində elmi tədqiqatların dövlət sifarişi və qrantlar əsasında maliyyələşdirilməsi mexanizmi hazırlanaraq həyata keçiriləcək.

Büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondu yaradılacaq ki, bununla bağlı təkliflər də 2015-2016-cı illərdə hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti