...

Prokuror AXCP-nin müşavirinə 4 il cəza istədi

Cəmiyyət Materials 14 Mart 2016 17:13 (UTC +04:00)
Bu gün Nərimanov rayon məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror AXCP-nin müşavirinə 4 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Nərimanov rayon məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışı zamanı M.İbrahimin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə çıxış edən M.İbrahimin müdafiəçisi Yalçın İmanov müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Vəkil çıxışında işi aparan müstəntiq və Mikayıl Quliyev barəsində xüsusi qərar çıxarılmasını və cinayət işi açılmasını istəyib.

Təqsirləndirilən M.İbrahim məhkəmədə son sözlə çıxış edib. O, çıxışında yalnız bəraət hökmü istisna olmaqla çıxarılacaq digər qərarın ədalətsizlik olduğunu deyib.

Hakimlər kollegiyası müşavirəyə yollanıb, martın 15-də hökm elan ediləcək.

Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış M.Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti