Bakı. İlhamə İsabalayeva - Trend:
Yaxın 2-3 gün ərzində Azərbaycanın rayonlarının bəzi ərazilərində gözlənilən lokal xarakterli intensiv yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı proqnozlaşdırılır.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, iyulun 2-də axşam və gecə Kiş çayının yuxarı hissəsində qısamüddətli daşqınlar keçib. Çuxadurmaz, Qaynar, Damarçın qollarından ibarət olan Kiş çayında qısamüddətli daşqın onun məhz Damarçın çayında baş verib. İyulun 3-də səhər bu çayda suyun səviyyəsi enib. Hazırda Kiş çayında sabit sululuq müşahidə edilir.
A.Verdiyev əlavə edib ki, Böyük Qafqazın cənub yamacı çayları, o cümlədən Balakən-Şəki bölgəsinin çayları daşqın və selə həssas çaylardır. Bu bölgənin çaylarında iyulun 2-də baş verən daşqından da güclü daşqın və dağıdıcı sellər olub.