...

"Badamdar Hotel" "Pullman" tərəfindən idarə olunacaq (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2016 11:04 (UTC +04:00)
Bakıda "Gilan Hollding" ilə "Accor Group" arasında "Badamdar Hotel"in "Pullman" tərəfindən idarə olunması dair müqavilə imzalanıb.
"Badamdar Hotel" "Pullman" tərəfindən idarə olunacaq (FOTO)

Bakı. Trend:

Oktyabrın 5-də Bakıda "Gilan Hollding" ilə "Accor Group" arasında "Badamdar Hotel"in "Pullman" tərəfindən idarə olunması dair müqavilə imzalanıb.

Sənədə "Gilan Hospitality Group" şirkətinin direktoru Elgün Məmmədov və "Accor Hotels" şirkətinin MDB üzrə regional direktoru Aleksis Delaroff imza atıblar.

Mərasimdə çıxış edən E.Məmmədov bildirib ki, hotel 2011-ci ilin sentyabr ayından başqa bir brendin idarəetməsi altında fəaliyyətə başlayıb: "Yalnız idarəetmə müqaviləsinin birinci fazasında, yəni 5 ildən sonra qarşılıqlı razılığa əsasən bu brendlə müqavilə dayandırılıb və hotelin dünya nəhəngi sayılan başqa brendlə - "Accor Group"un "Pullman" brendi altında idarə olunmasına qərarı verilib".

E.Məmmədovun sözlərinə görə, "Badamdar Hotel" Azərbaycanın ən böyük hotellərindən biri sayılır: "Belə ki, hoteldə 280 qonaq otağı, 700 kvadratmetrlik banket zalı, 3500 kvadratmetrlik SPA-mərkəzi, xidmət apartamentləri, ofislər, restoranlar, kafelər, uşaq əyləncə mərkəzi və ticarət mərkəzi fəaliyyət göstərir. Hotel müasir beynəlxalq beşulduzlu standartlara cavab verir".

A.Delaroff isə bildirib ki, şirkət Azərbaycan bazarına daxil olmaqdan olduqca məmnundur: "Bu, bizi daha məsuliyyətli olmağa vadar edir. "Accor Hotels" hotellər qrupu dünyanın ən böyük hotellər şəbəkəsi operatorudur. Hazırda bütün dünya üzrə 100-dən çox "Pullman" brendi var. Bir müddət əvvəl biz "Gilan Holding"ə müraciət edərək Azərbaycanda "Pullman" brendini təmsil etmək istəyimizi bildirdik. Avropanın ən böyük hotellər şəbəkəsi olaraq "Accor Hotels" üçün "Gilan Holding"lə əməkdaşlıq etmək çox asandır. "Accor Hotels" bu hotelə xidmət, satış, marketinq üzrə bir çox yenilikləri gətirməyə hazırdır. Bu gün rəqəmsal texnologiya biznes üçün çox vacibdir. Bu səbəbdən "Accor Hotels" yeni texnologiyaların tətbiqinə 250 milyon dollardan çox vəsait yatırır. Əgər bir hotel rəqəmsal qaydada fəaliyyət göstərmirsə, deməli sizi heç kəs görmür və eşitmir. Yaxın zamanda biz yeniliklər üzərində işləyəcəyik. Bu istiqamətdə əhatəli plan hazırlanacaq".

Qeyd edək ki, "Accor Hotels" qrupuna məxsus dünyaca məşhur "Pullman Hotels and Resorts" brendinin Azərbaycan bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühiti ilə bağlıdır. Dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqətin yetirildiyi respublikamızda turizmin inkişafı da sürətlənir. Bu amillər ölkəmizdə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. "Pullman Hotel and Resorts" brendinin Azərbaycana gəlməsi də bu istiqamətdə atılan əsaslı addımlardan biridir. Yeni brendin Azərbaycanda fəaliyyətə başlamasını xidmət sektorunda keyfiyyətcə yeni mərhələnin başlanğıcı da saymaq olar.

Olduqca müasir dizaynı ilə seçilən obyektdə beynəlxalq və milli memarlıq üslubu böyük peşəkarlıqla uzlaşdırılıb. Müxtəlif çeşidli yüksək xidmətin göstəriləcəyi hotel kompleksi, eyni zamanda, beynəlxalq səviyyəli nadir memarlıq incilərindən biridir.

Hotel 280 nömrədən, o cümlədən lüks nömrələrdən, 38 rezidensiyadan, 36 ofisdən, 8 konfrans-zaldan, iki restoran və iki bardan, “Qəbələ” banket zalından, qapalı hovuzdan, 3500 kvadratmetrlik SPA-mərkəzindən ibarətdir. On dörd mərtəbəli binanın birinci mərtəbəsində 600 nəfərlik ziyafət zalı yerləşir. Burada xidmət ən yüksək beynəlxalq standartlara cavab verir. Burada səkkiz iclas otaqları da yerləşir. İclas otaqlarında işgüzar şəxslər müxtəlif tədbirlər keçirə bilərlər. Bundan başqa, hotelin birinci mərtəbəsində müxtəlif ofis və mağazalar fəaliyyət göstərir.

Hotelin 4-7-ci mərtəbələrində ofislər yerləşir. Burada işgüzar şəxslərin istənilən səviyyəli tədbirləri keçirmələri üçün ən xırda detallar belə nəzərə alınıb. İclas otaqlarda videomaterialların nümayişi və istənilən informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək mümkündür. Auditorium zalı ikinci mərtəbədə yerləşir. Burada 525 nəfər istənilən tədbirə qatıla bilər. Zalın səhnəsi də vardır. İşıqlandırma sistemi mükəmməlliyi ilə seçilir. Burada beş dildə sinxron tərcümə üçün texniki imkan yaradılıb.

"Accor Hotels" - dünyanın aparıcı hotel adminstratoru olan "Pullman"ın Avropa, Afrika, Yaxın Şərq, Asiya-Sakit okean və Amerika arasında 100 ədəd beşulduzlu hoteli mövcuddur. Dünyanın ən inkişaf etmiş ölkələrində fəaliyyət göstərən "Pullman Hotel and Resorts" iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. 2025-ci ilə qədər bu brend adı altında fəaliyyət göstərəcək hotellərin sayı 200-ə çatacaq. Müştərilərinin 60%-ni iş adamları təşkil edən 5 ulduzlu hotel, yaxın günlərdə Azərbaycana gələcək istər iş adamlarına, istərsə də digər qonaqlara xidmət göstərməyə başlayacaq.

"Accor Hotels" dünyanın 95 ölkəsində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti