...

Azərbaycan və Moldova transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı müzakirə aparıb

Cəmiyyət Materials 16 Noyabr 2017 11:32 (UTC +04:00)
Azərbaycan və Moldova transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı müzakirə aparıb .
Azərbaycan və Moldova transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı müzakirə aparıb

Bakı. Trend:

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Moldovaın daxili işlər naziri Aleksandr Jizdan noyabrın 15-dən ölkəmizdə rəsmi səfərdədir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində R.Usubov Moldovanın daxili işlər naziri A.Jizdanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir R.Usubov xalqlarımızı hər zaman möhkəm dostluq telləri bağladığını, son illər respublikalarımız arasında bütün sahələrdə dialoq və əməkdaşlığın genişlənərək yüksək səviyyəyə çatdığını, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində əlaqələrin daha da dərinləşdiyini xatırladıb.

Ölkələrimizin müvafiq strukturları arasında uzun illərdir ki, mövcud olan olduqca sıx və işgüzar əlaqələri diqqətə çatdıran general-polkovnik R.Usubov istər ikitərəfli, istərsə də çoxtərəfli formatda-Beynəlxalq Kriminal Polis (İnterpol), Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) və GUAM təşkilatları çərçivəsində işbirliyinin uğurla davam etdirildiyini, xüsusən qabaqcıl təcrübə və məlumat mübadiləsində maraqlı olduğumuzu, belə görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsinə yeni töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra o, qonağa ölkədəki kriminogen durum, müstəqilliyin ilk illərində mövcud olan ictimai-siyasi vəziyyət, xalqın təkidli tələbilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı, onun rəhbərliyi altında həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin bərpa edilib, möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir əsası ulu öndər tərəfindən qoyulmuş, ölkəmizin dünyada müstəqil siyasət yeritməsinə və milli maraqların qorunmasına əsaslanan, islahatlar və demorratik dəyişikliklər kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, xidməti fəaliyyətin təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulayıb.

Xüsusilə qeyd olunub ki, hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, hüquq qaydasına riayət edilməsinə videonəzarətin fasiləsiz həyata keçirilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Nazirlikdə "Təhlükəsiz Şəhər" Xidmətinin, "102-Zəng Mərkəzi”nin yaradılması, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla “sahə rəisi” kimi yeni təsisatın uğurla tətbiqi ilk növbədə vətəndaş məmnunluğunun təmininə, onların müraciətlərinə operativ şəkildə reaksiya verilməsinə, həssaslıqla yanaşılmasına xidmət edir.

Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdan səmimi qəbula, yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkür edib, səfərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, rəhbərlik etdiyi qurumun da bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib. O, son illər Azərbaycan DİN-in Polis Akademiyasını bitirmiş 22 məzunun hazırda Moldova daxili işlər orqanlarının sıralarında uğurla xidmət etdiklərini, yüksək ixtisaslı, ali təhsilli hüquqşünas kadrların hazırlanmasında ölkəmiz tərəfindən göstərilən dəstəyin bundan sonra da davamlı olmasının onlar üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Sonda cənab Aleksandr Jizdan Azərbaycanın daxili işlər nazirini ölkəsinə rəsmi səfərə dəvət edib.

Səfər çərçivəsində qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi”nə və “Təhlükəsiz şəhər” xidmətinə, paytaxtdakı polis sahə məntəqələrindən birinə, həmçinin Əlahiddə Çevik Polis Alayına gedərək həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti