...

Prokurorluq orqanları tərəfindən vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılır (FOTO)

Cəmiyyət Materials 30 İyul 2018 17:04 (UTC +04:00)
Prokurorluq orqanları tərəfindən vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılır.
Prokurorluq orqanları tərəfindən vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılır (FOTO)

Bakı. Trend:

İyulun 30-da Azərbaycan Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov xüsusi vurğulayıb ki, aprelin 11-də ölkəmizdə keçirilmiş azad, ədalətli və şəffaf prezident seçkiləri zamanı xalqımızın son illərdə görülən işlərə yüksək dəyər verməklə həyata keçirilən strateji inkişaf xəttinə, dövlət siyasətinin davamlılığına, təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa səs verərək cənab İlham Əliyevə yenidən etimad göstərməsi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu, strateji inkişaf konsepsiyasını uğurla həyata keçirən dövlət başçısına şəksiz inam və etibarın məntiqi nəticəsidir.

Ölkəmizdə aparılan iqtisadi islahatların uğurlu nəticələri kimi 2018-ci ilin birinci yarısında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TANAP-ın açılışı, eləcə də Bakıda təntənəli hərbi paradın keçirilməsi, aprel döyüşlərindən sonra ordumuzun öz hərbi gücünü və qətiyyətini real şəkildə nümayiş etdirməsi nəticəsində Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi, müasir standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində “Formula - 1 Avropa Qran-Pri” yarışlarının və digər mötəbər tədbirlərin keçirilməsi müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəriciləri olmaqla, dövlət başçısı tərəfindən verilən bütün vədlərin uğurla yerinə yetirildiyini bir daha təsdiq edib.

Bildirilib ki, 2018-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib, hüquqi islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilib, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib. Davos Dünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci, ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdə olması müstəqil Azərbaycan Respublikasının son 15 ildəki inkişaf göstəricisidir və əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil edib.

Azərbaycan Respublikası prokurorluğu orqanları öz səlahiyyət hədləri daxilində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə respublikamızın ayrı-ayrı bölgələrində, eləcə də Bakı şəhərində baş tutan və ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən bu tədbirlərin normal şəraitdə keçirilməsinin əsas şərtləri kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması üzrə öz vəzifələrinin lazımi qaydada həyata keçirilməsini təmin edib.

Qeyd edilib ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Bildirilib ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi, 2018-ci ilin birinci yarısında da Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.

Bildirilib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlər orqanları ilə birlikdə korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoyub. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinin əhəmiyyəti qeyd olunub. Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Belə ki, mərkəzə hesabat dövründə 1970 müraciət daxil olmuş, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq hesabat dövründə bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə önəm verilib.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 51 milyon 194 min manat ziyandan istintaq müddətində 16 milyon 578 min manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın ödətdirilməsi məqsədilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Hesabat dövründə özünü öldürmə və özünü öldürməyə cəhd faktlarına görə başlanılmış cinayət işlərinin ibtidai araşdırmasına prosessual rəhbərliyin və istintaqına nəzarətin gücləndirilməsi ilə bağlı görülmüş tədbirlər sayəsində bir neçə iş üzrə cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunub.

Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla bu proqramların təkmilləşdirilməsinin təmin edilməsi barədə müvafiq tapşırıqlar verilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Abşeron, Ağstafa, Astara, Tərtər, Hacıqabul, Qobustan və Zaqatala rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

Müşavirədə 2018-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib. Müzakirələrdə çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyinə hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının icrası ilə bağlı prokuyrorluq orqanları tərəfindən görülmüş işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıqlarını bir daha xatırladaraq, dövlət başçısının bu tələblərinin yüksək səviyyədə icrasına nail olmaq üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verib. Eyni zamanda, prokurorluq orqanlarında xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin başlıca vəzifələr olaraq ardıcıllıqla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti