Bakı. İlhamə İsabalayeva - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayında növbəti monitorinq keçirib.
Monitorinqin nəticələri ilə bağlı nazirlikdən Trend-ə verilən məlumata görə, fevral ayının III ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının II ongünlüyünə nisbətən 24 kub/san artaraq 151 kub/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub.
Fevral ayının III ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2,2, Ağstafa su anbarı Musaköy kəndində 1,1, Ağstafaçayda, Qazax şəhərində 2,1, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2-2,2 dəfə, biogen maddələrdən nitritlərin miqdarı isə 1,10-1,30 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70 -6,40 mq/l arasında sanitar norma daxilində dəyişib.