Zəngilan. Samir Əli - Trend:
Zəngilan rayonu ərazisində iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. O qeyd edib ki, həmin əazilərdən biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət Yasaqlığıdır: "Bəsitçay Dövlət Təbiət Qoruğunun ümumi sahəsi 107 hektardır. Qoruq 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu ərazi unikal ekosisteminə görə fərqlənir. Bura təbii halda Şərq çinarlarının bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq çinarları, qalan ərazi isə qarışıq meşəlikdir".
Nazirlik rəsmisi deyib ki, qoruğun vadisində Bəsitçay çayı axır. Çay öz mənsəbini Zəngəzur silsilənsindən alır və 15 kilometr qoruğun ərazisindən keçir. Şərq çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 ha meşə sahəsi məhv edilib".
A.Səmədova qeyd edib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığı 2200 kvadratmetr ərazini əhatə edir: "Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təəssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Hazırda olan məlumata görə, həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur".