Bakı. Trend:
Azərbaycanın ekoturizm potensialı böyükdür.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.
Onun sözlərinə görə, ekoturizm təbiət turizmidir:
"Bu turizm növü qərb ölkələrindən bizə gəlib. Ekoturizm antropogen təsirlərə az məruz qalan ərazilərdə turizm fəaliyyətlərinin qurulmasıdır. Bütün bunlarl toplasaq ekoturizmin dayanıqlı turizm növü olduğunu görərik. Ekoturizm turistlərin komfortdan uzaqlaşmasına da gətirib çıxardır. Bütün bunlar ekoturizm həvəskarlarının qorxutmur. Onlar bunu anlayışla qarşılayırlar".
S.Dübəndi qeyd edib ki, dövləti,miz QHT-lər, Assosasiyalar, turizmlə məşğul olan həm dövlət qurumları həm turizmlə məşğul olan insanların fikiri birdir ki, ölkəmizin geniş ekoturizm potensialı var:
"Biz bu günə qədər turizmin bu növünə çox diqqət yetirməmişik. Ölkəmizdə əsasən işgüzar turizmə üstünlük verilib. Buna misal olaraq ölkəmizdə keçirilən dünya səviyyəsində tanınan idman yarışlarını göstərmək olar. Bütün bunlar ölkəmizin dünyada turizminin tanınmasında rol oynamışdır."
O qeyd edib ki, bundan başqa, ekoturizmə dövlətimiz də dəstək verir:
"Əvvəllər ekoturizm digər turizm növləri ilə müqayisədə insanlar üçün maraqlı deyildi. Lakin getdikcə turizmin bu növünə ölkəmizdə və dünyada maraq artmaqdadır.Biz ölkəmizin ekoturizm resurslarını nəzərə alaraq Azərbaycan Ekoturizm Assosiasiyasını qurduq. Məqsədimiz ekoturizmi ölkəmizdə inkişaf etdirilməsi və təbliğidir."
Digər ərazilərimiz kimi, işğaldan azad edilən torpaqlarımız da geniş ekoturizm potensialına malikdir:
"Ekoturizm həvəskarları üçün bu ərazilər çox maraqlı marşrutdur. Azad edilən ərazilərimizdə müəyyən təhlükəsizlik tədbirləri və infrastruktur işləri görüləndən sonra bu ərazilərə ekoturizmlə yanaşı, həm də müxtəlif növ turizm turları təşkil etmək olar”, - deyə o əlavə edib.