...

Azərbaycanda valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Cəmiyyət Materials 3 May 2023 13:40 (UTC +04:00)
Azərbaycanda valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı açıqlanıb.

Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib ki, ölkədə fəaliyyət göstərən 24 müəssisədə valideyn himayəsindən məhrum olmuş 1 559 uşaq var.

Nazir müavininin sözlərinə görə, həmin uşaqların 1 000-ə yaxını oğlandır.

O əlavə edib ki, valideyn himayəsindən məhrum olan 18 yaşına çatmış şəxslər dövlət tərəfindən mənzillərlə təmin edilir.

“Bu gün qanunvericiliyə uyğun olaraq valideyn himayəsindən məhrum olan 18 yaşdan yuxarı şəxslər nazirlik tərəfindən mənzillərlə təmin olunur. Hətta məndə olan məlumata görə, bütün 18 yaşına çatmış valideyn himayəsindən məhrum gənclərin hamısını mənzillə təmin etmişik. Proqram davamlı xarakter daşıyır”, - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Azərbaycanda himayədar ailə modeli tətbiq ediləcək. Bununla bağlı məsələ Ailə Məcəlləsinə ediləcək dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəlləyə 145.8.( Öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz) və 145.9. (Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla) maddələr əlavə edilir.

Həmçinin, yeni əlavə edilən 145.10.-cu maddəyə əsasən, himayədar ailəyə verilmiş uşağın əqli, fiziki, emosional, psixoloji inkişafına xələl gətirə biləcək halların qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilən uşaqlar arasındakı yaş fərqini nəzərə almalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti