Bakı. Trend:
Ümumi təhsil müəssisələrində şagird davranış qaydalarına əsasən, şagirdlər ümumi təhsil müəssisəsinə müəyyən olunmuş vaxtda gəlməli və dərs gününün sonunadək müəssisəni tərk etməməlidir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, dərsə gəlməyən şagird və tələbələrin sinif jurnalına “qayıb” işarəsi qeyd edilir.
"Valideyn/qanuni nümayəndə tərəfindən yazılmış izahat və ya tibbi arayışa əsasən, xəstəlik, yaxın qohumunu itirmə, hər hansı xüsusi hal və s. səbəbindən şagirdin dərsdə iştirak etməməsi üzrlü hal hesab edilir", - deyə bildirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.