Laçın. Trend:
Camal çox vətənpərvər şəxs idi. O hər zaman deyirdi ki, orduya gedib düşməndən qisasımızı alacam.
Bu barədə Trend-ə açıqlamasında şəhid Camal Quliyevin qohumu Pənah Quliyev deyib.
O qeyd edib ki, 44 günlük müharibədən sonra torpaqlarımız alındı. Buna görə dövlətimizə, Prezident İlham Əliyevə təşəkkür edirik.
"Son 3 gündür hər kəs şəhidimiz üçün səfərbər olub. Şəhidlərə bu qədər qiymət verən xalqıq. Bütün xalq, dövlət şəhidimizin yanındadır. Bütün şəhidlərimizin qarşısında baş əyirik", – deyə o bildirib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları Laçın şəhər Şəhidlər xiyabanında dəfn olunub. Şəhid Camal Quliyevin nəşi dəfndən öncə doğmalarının yaşadığı, Şəki rayon Cuma kəndinə aparılıb.
Quliyev Camal Möhübbət oğlu 1iyun 1969-cu ildə doğulub. O, 1992-ci ildə könüllü olaraq ordu sıralarına qatılıb. Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. Qalıqları Xudafərin kənd qəbristanlığında aşkar edilib.