Bakı. Trend:
Bank və alış-veriş platformalarına oxşar saytlar yaradaraq fişinq yolu ilə vətəndaşları kart məlumatlarının ələ keçirən kiberşəbəkə ifşa edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son dövrlər ödəniş sistemləri, online alış-veriş saytları və digər internet resurslarında yeni texnoloji vasitələrdən istifadə olunmaqla müştərilərin kart məlumatlarının ələ keçirilərək pul vəsaitlərinin oğurlandığı barədə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilir:
"Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sosial şəbəkələrdə qanunsuz şəkildə fəaliyyət göstərərək fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstənin üzvləri Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıblar.
Müəyyən olunub ki, dəstə üzvləri cinayət əlaqəsinə girərək banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər. Dəstə üzvləri bu elanların geniş yayımı və daha çox vətəndaşın cəlb olunması üçün sosial şəbəkələrdə həmin linklərin ödənişli reklamlarını da təşkil ediblər".
Məlumatda qeyd edilib ki, bətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məxfi və OTP təhlükəsizlik kodlarını təqdim edəndən sonra qrup üzvləri həmin şəxslərin mobil bank tətbiqlərinə daxil olaraq hesablardakı pulları oğurlayıblar.
"Saxlanılanlar şəxsiyyətlərinin müəyyən edilməməsi məqsədilə
oğurlanmış vəsaitləri müxtəlif şəxslərdən ödəniş müqabilində ələ
keçirdikləri kartlara köçürərək sonradan kriptovalyuta hesablarına
göndəriblər.
Nəzərə almaq lazımdır ki, kartını kibercinayətkarlara maddi maraq
qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin
üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır.
Baş İdarədə aparılan araşdırmalar, eləcə də dəstə üzvlərinin gizli
şəkildə fəaliyyət göstərdikləri internet resurslarına baxış zamanı
aşkar olunan maddi və elektron sübutlar əsasında onların 400-ə
yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq onlara
ümumilikdə 500.000 manata yaxın maddi ziyan vurduqları müəyyən
edilib".
DİN yaydığı məlumatda bildirilib ki, sonuncu əməliyyat zamanı saxlanılan Ərtoğrul Akdemir və Şamxal Abbasovun başçılıq etdiyi kiberdəstənin törətdiyi qanunsuz əməllərlə bağlı Baş İdarədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir.