Bakı. Trend:
Quş qripi ilə bağlı Azərbaycanın bir sıra ölkələrə qoyduğu idxal məhdudiyyəti aradan qaldırılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Tunis vilayətində və Fələstin Dövlətinin Beytləhm əyalətində dabaq, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində və Danimarka Krallığının Şimali Yutlandiya regionunda Nyukasl, Nepal Federativ Demokratik Respublikasının Karnali, Baqmati əyalətlərində, Seneqal Respublikasının Ties regionunda, Albaniya Respublikasının Korça, Fier vilayətlərində, Boliviya Çoxmillətli Dövlətinın Koçabamba inzibati ərazi vahidində, Çili Respublikasının Libertador Qeneral Bernardo O'Hiqqins regionunda, İsveçrə Konfederasiyasının Sürix inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko və Ayova ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub", - deyə məlumatda bildirilir.