Bakı. Trend:
Milli Olimpiya Komitəsi Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların keyfiyyətini itirməsi ilə bağlı bütün medallara baxıldıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev deyib.
O bildirib ki, problemlə bağlı ətraflı araşdırma aparılır:
""Paris-2024" Yay Olimpiya Oyunlarında əldə etdikləri medalları korlanan idmançıların problemləri ilə bağlı ətraflı araşdırmalar aparılır. Bir neçə idmançı bu problem ilə qarşılaşıb. Hələ ki, bütün idmançılar bizə müraciət etməyib. Bütün medallara baxılacaq. Araşdırmalar yekunlaşdıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək".
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında medal qazanan bir sıra idmançısı medalların keyfiyyətsiz olduğunu, onların rənginin getdiyini və üzünün soyulduğunu bildiriblər.
Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançılar 100-dən çox medalı istehsalın keyfiyyətsizliyi ilə bağlı şikayətlərlə təşkilat komitəsinə qaytarıblar.
İlk şikayətlərdən sonra təşkilat komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib. Lakin mükafatların kütləvi şəkildə qaytarılması fonunda medalların hazırlandığı Paris Zərbxanasının direktoru Mark Şvarts istehsalat şöbəsinin üç rəhbərini işdən çıxarmaq qərarına gəlib.