Bakı. Trend:
İnsan inkişafına sərmayə qoymaq iqlim baxımından ağıllı investisiyadır.
Trend xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışında bildirib.
O, əvvəlcə COP29 zamanı əldə olunan nailiyyətlərdən danışıb:
"COP29-da biz başa düşdük ki, iqlim tədbirləri yalnız emissiyaların azaldılması və ya texnologiyaların tətbiqindən ibarət deyil. Bu, əsasən insanların sağlamlığı, bacarıqları, təhsili, dolanışığı və ləyaqəti ilə bağlıdır. Bu səbəbdən COP29-da ilk dəfə olaraq hərtərəfli İnsan İnkişafı Gününü təşkil etdik və iqlim davamlılığı üçün Bakının İnsan İnkişafı Təşəbbüsünü başladıq. Bu təşəbbüs təhsil, sağlamlıq, sosial müdafiə, məşğulluq və bacarıqların inkişafını, xüsusilə uşaqlar və gənclər üçün, bir araya gətirməyə yönəldi".
M. Babayev qeyd edib ki, təşəbbüs tam bir nəticələr paketini təqdim etdi:
"Birincisi, biz insanı qlobal diqqət mərkəzinə gətirdik. Yüksək
səviyyəli liderləri bir araya gətirərək iqlim dəyişikliyinin insan
inkişafına təsirini qiymətləndirdik. Buraya təzyiq altında olan
səhiyyə sistemləri, təhsildən məhrum olan uşaqlar, fəaliyyətini
itirən və yeni bacarıqlara ehtiyac duyan işçilər daxildir. Təhsil,
səhiyyə, yaşıl iş yerləri və gənclərin işsizlik problemlərinə həsr
olunmuş tematik seminarlar təşkil etdik. Bu, beynəlxalq
nümayəndələrə təcrübə mübadiləsi aparmaq və praktik həllər
hazırlamaq imkanı verdi.
İkincisi, biz hamını bir araya gətirərək iqlim davamlılığı üçün
insan inkişafına dair bələdçi prinsiplər qəbul etdik. Bu prinsiplər
qarşıdakı illərə aydın istiqamət göstərir.
Onlar ölkələri iqlim tədbirlərini insan inkişafı ilə uzlaşdırmağa çağırır və təhsil, məşğulluq, səhiyyənin davamlılıq üçün əsas olduğunu vurğulayır. Burada hökumətlər, işəgötürənlər, həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti, elm ictimaiyyəti, uşaqlar və gənclərin ədalətli keçid yollarının hazırlanmasına cəlb olunmasının vacibliyi qeyd olundu".
M. Babayev vurğulayıb ki, prinsiplər həmçinin təhsil sistemlərinə, iqlim savadlılığına və təlim proqramlarına daha çox sərmayə qoymağı tövsiyə edir ki, gənclər yaşıl iqtisadiyyat və enerji keçidi üçün zəruri bilik və bacarıqlara sahib olsunlar:
"Nəhayət, təşəbbüs davamlılıq üçün yeni platformalar da yaratdı. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Bakı COP sədrliyinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyasını təsis etdik. Bu koalisiya səhiyyənin iqlim gündəliyində prioritet olaraq qalmasını və bizim sədrliyimiz dövründə əldə olunan nailiyyətlərin gələcək sədrliyə ötürülməsini təmin edəcək".
"COP29 zamanı hamımız razılaşdıq ki, insan inkişafına sərmayə qoymaq iqlim baxımından ağıllı investisiyadır. Məhz buna görə Əmək və Sosial Müdafiə Nazirliyi bu işimizdə mühüm tərəfdaş oldu. Onların liderliyi göstərdi ki, sosial müdafiə, məşğulluq siyasətləri və bacarıqların artırılması iqlim davamlılığının əsas sütunlarıdır. Biz başladığımız təşəbbüsləri və tərəfdaşlıqları davam etdirməyi səbirsizliklə gözləyirik", - deyə M. Babayev əlavə edib.