Bakı. Trend:
Bakı İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week 2025) 3-cü günü başa çatıb.
Trend xəbər verir ki, tədbirdə çıxış edən COP29 prezidenti,Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Azərbaycanın iqlim gündəliyinin prioritetlərini açıqlayıb.
O qeyd edib ki, kənd təsərrüfatı iqlim dəyişiklikləri qarşısında ən həssas sahələrdən biridir və su ehtiyatları ilə Xəzərin ekoloji problemləri təcili diqqət tələb edir.
Muxtar Babayevin sözlərinə görə, Azərbaycan tərəfindən irəli sürülmüş su və iqlim fəaliyyətlərinə dair COP29 Bəyannaməsinə artıq 60-dan çox ölkə qoşulub. Bu təşəbbüs çərçivəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş Su və İqlim üzrə Bakı Dialoqu işə salınıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışda bildirib ki, Azərbaycan kənd təsərrüfatı üçün süni intellekt üzrə rəqəmsal yol xəritəsi hazırlayır.
Onun sözlərinə görə, Süni İntellekt üzrə yol xəritəsinə 30-dan çox praktiki həllər (torpağın monitorinqindən və bitki sortlarının xəritələnməsindən tutmuş məhsuldarlığın proqnozlaşdırılması və suya qənaət edən suvarmaya və s.) daxildir.
“Smart kənd təsərrüfatı dayanıqlı su və torpaq idarəçiliyi ilə birlikdə olmalıdır. Biz hər damla suyu qorumaq üçün suvarma sistemlərinin müasirləşdirilməsinə sərmayə qoyuruq”,- deyə Məmmədov vurğulayıb.
Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxışında qeyd edib ki, Azərbaycan 2023-cü ilə qədər ölkənin ümumi su tələbatının təxminən 90%-ni təmin etməyi, çirkab suların təmizlənməsi xidmətlərini genişləndirməyi, su resurslarının itkisiz idarə edilməsini tətbiq etməyi və kənd təsərrüfatında sudan istifadənin səmərəliliyini 95%-ə çatdırmağı planlaşdırır.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeister Azərbaycanın sərhədüstü su ehtiyatlarının idarə olunmasında regional əməkdaşlığı gücləndirməli olduğunu vurğulayıb. O qeyd edib ki, ölkənin su ehtiyatlarının 70%-i sərhədüstü mənbələrdən gəlir, bu da digər ölkələrdən asılılığı artırır və regional əməkdaşlığın vacibliyini göstərir.
Qeyd edək ki, 2024-cü ildə COP29-un sədrliyi Londonla tərəfdaşlıq çərçivəsində COP29-un 2024-cü ilin noyabrında keçiriləcəyi ərəfədə bütün cəmiyyəti səfərbərliyə çağıran oxşar bir tədbir kimi ilk Bakı İqlim Fəaliyyəti Həftəsini uğurla təşkil edib.
