Bakı. Trend:
2020-ci ilin 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik
raketlərlə hücum edilməsi, mülki əhaliyə qarşı yönəlmiş ağır bir
hərbi cinayət kimi yadda qaldı. Bu gün həmin hadisədən 5 il
ötür.
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı
Ermənistan dövləti, döyüş meydanında uduzduqca, qisası mülki
əhalidən almağa çalışdı. Nəticədə, cəbhə bölgəsindən uzaqda
yerləşən, tamamilə dinc insanların yaşadığı Gəncə şəhəri raket
atəşinə tutuldu. Bu, beynəlxalq hüququn bütün normalarının,
humanitar dəyərlərin və insanlıq anlayışının açıq şəkildə
tapdanması idi.
Ermənilərin Gəncəyə atdığı raketlər sakinlərin yaşadığı
ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü.
Nəticədə 1 mülki şəxs şəhid olmuşdu, 39 mülki şəxs isə
yaralanmışdı. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və
qədim tarixi tikililərə ziyan dəymişdi. Bu hücum, hərbi
əməliyyatların cəbhə bölgəsindən uzaq, tamamilə mülki əhalinin
yaşadığı bir şəhərə qarşı törədilmiş açıq və ağır hərbi cinayət
idi. Gəncəyə ilk raket hücumu Ermənistanın dinc əhalini qorxuya
salmaq, ölkədə xaos yaratmaq və ictimai rəyə təsir etmək məqsədi
daşıyırdı. Lakin baş vermiş bu hücumlar əksinə nəticə verdi – xalq
daha da sıx birləşdi, dövlətin ətrafında daha möhkəm cəmləşdi.
Dövlətin vaxtında və məqsədyönlü reaksiyası, humanitar yardım və
psixoloji dəstək mexanizmlərinin səfərbər edilməsi, qısa zamanda
bərpa işlərinin başlanması və şəhərin yenidən qurulması xalqın öz
liderinə və dövlətinə olan inamını daha da artırdı.
Azərbaycan Ordusu həmin hücumlara cəbhədə cavab verdi. Vətən
müharibəsində Azərbaycan, yalnız hərbi deyil, həm də mənəvi qələbə
qazandı. Mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələri
beynəlxalq hüququn və ədalətin zərbə gücünü gec-tez hiss etdi.
Gəncə hadisələri, Azərbaycanın müharibədə hücum edən yox, özünü
müdafiə edən və beynəlxalq hüquqa əsaslanan tərəf olduğunu bir daha
sübut etdi. Gəncə terroru nə Azərbaycan, nə də dünya ictimaiyyəti
tərəfindən unudulmamalıdır. Bu, yalnız Azərbaycanın deyil, bütün
bəşəriyyətin sınağı idi. Sülhə çağırış edənlər, ilk növbədə bu kimi
cinayətləri tanımalı, onları qınamalı və bir daha təkrarlanmamasına
çalışmalıdırlar.
Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gün
davam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və
qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə
almaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülki
şəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444
nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarət
almışdır.