Bakı. Trend:
Yeniyetməlik — uşaqlıq və yetkinlik arasında baş verən əhəmiyyətli fiziki, psixoloji və sosial inkişaf, eyni zamanda özünü kəşfetmə dövrüdür.
Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayət edilməlidir?Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necə olmalıdır? Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyə bacarıqları hansılardır?
Trend xəbər verir ki, bu və digər suallara Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin klinik uşaq psixoloqu Elnarə Baxışlı aydınlıq gətirir.
- Elnarə xanım, ilk öncə bilmək istərdik ki, yeniyetmələr kimlərə deyilir və onların psixoloji özəllikləri nədən ibarətdir?
- Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid yolunda olan,
adətən 10-19 yaşları əhatə edən, fiziki, psixoloji, sosial və
intellektual inkişafın sürətləndiyi, şəxsiyyətin formalaşdığı vacib
bir mərhələdir. Yeniyetmələr müstəqillik qazanmaq və dünyanı
anlamaq üçün yeni məsuliyyətlərlə üzləşməli olurlar. Çünki onlar
azyaşlı uşaq olarkən böyüklərin həyat fəaliyyətlərinin ancaq
görünən tərəflərini müşahidə edirdilər. Arxa planda baş verənləri
onlardan uzaq tutmağa çalışırdıq. Amma zaman gəldikdə pərdənin
arxası açılmağa başlayır və həyatın həqiqi tərəflərini tam və ya
qismən uşaqlarımız görür.
Bu dövrdə valideynin dəstəyi, müstəqilliyə can atarkən, yanlarında
olmaq və sosial şəbəkələrin təsirini diqqətdə saxlamaq çox
vacibdir. Fiziki olaraq onların bədəni dəyişir, böyüyür, cinsi
yetkinlik əlamətləri üzə çıxmağa başlayır, səs tonu dəyişir,
tərləmə artır, adətlər başlayır, hormonal dəyişiklik duyğu və
davranışlarda özünü göstərir.
Eyni zamanda, psixoloji olaraq uşaqlarda özünüdərk və tənqidi
düşüncələr yaranır. Bu dövrdə emosional mühit dəyişkən olur, tez
təsirlənir və ya əksinə laqeydlik görünür. Sosial maraqlar,
gözləntilər dəyişə bilər. Uşaqlar bizdən uzaqlaşaraq, özlərinin
axtarışında olurlar. Onlarda “Mən kiməm, kimə lazımam?”, “Nə üçün
yaşayıram?”, “Məni kim sevir, məni kim dinləyir?” kimi suallar
ortaya çıxır.
Bu dövrdə bir şəxsiyyət kimi təsdiq olunmaq, “sən də varsan”,
“ağıllısan”, “bizdən birisən” kimi qarşı tərəfdən eşidilməsi
istənilən sözlər çox vacib sayılır. Bunu hiss etmədikdə, etiraz,
üsyankar davranışları isə, təəssüf ki, böyüklər tərəfindən sərt
qəbul edilir.
- Valideyn və yeniyetmə münasibətlərində hansı tələblərə riayət olunmalıdır?
- Hər bir valideyn bilməlidir ki, uşağının böyüməsi ilə o özü də
dəyişməlidir. Cəmiyyət içində uşaqlarımız bir çox xoşagəlməzliklərə
şahid ola bilərlər. Çətinliklərdən, akademik fəaliyyətlərində,
sevgidə və dostluqda yaşana biləcək uğursuzluqlardan heç kim
sığortalanmayıb, çünki səhv etmək həyatın tələbidir.
Valideyn olmaq güclü psixoloji, mənəvi və pedaqoji işdir, hətta
vəzifədir. Uşaqlar üçün valideynin evdəki emosional halı,
əhval-ruhiyyəsi çox önəmlidir. Uşaq bundan qidalanır və güc alır.
Çünki bu əhval-ruhiyyə onun üçün bir günəş şüası kimidir.
Valideynlər öz aralarında olan nifaqı uşaqlara hiss
etdirməməlidirlər, lakin yanlış doğru olanları da onlara dərk
etdirmək lazımdır. Valideynlər nə desə də, nə qədər nəsihətlər
etsələr də, uşaqları çox zaman valideynlərin hərəkətlərini
təkrarlayırlar.
- Yeniyetmələrin sosial şəbəkədən istifadə qaydaları necə olmalıdır?
- Sözsüz ki, yeniyetmələr üçün vacib olan ehtiyaclar var.
Müstəqilliyə hazır olmaq, qidalanmaq, təhsil almaq, istirahət
etmək, tibbi yardım almaq, mənəvi inkişaf yollarını və vasitələri
seçmək və s. Hər bir yeniyetmə öz hüquqlarını bilməsini, daha yaxşı
yaşamağını istəyəcək, akademik maraqları üçün məsləhətlərə ehtiyac
duyacaq, cinsi inkişafı ilə bağlı məlumatlar və məsləhətlər
axtaracaq.
Sosial şəbəkələrdə bunu təklif edən, öyrədən və yol göstərən sonsuz
sayda insanlar olacaq, onlarla bunları müzakirə etmək daha rahat
olacaq. Çünki valideyndəki kimi emosional gərginlik hissini
verməyəcək, utancaqlıq yaratmayacaq.
Buna nəzarət necə olunmalıdır və ümumiyyətlə müdaxilə etmək nə
qədər düzgündür? Burda ən vacib iş bu dövrə hazırlıqlı olmaqdır.
Yəni, uşağınızın 16 yaşı varsa və siz əvvəlcədən sağlam
səmimiyyətin və güvənin bünövrəsini qoymamısızsa, uşağınızla
danışmaq çox çətin olacaq.
6-7 yaşlardan başlayaraq, uşaqlar öz genderliyini dərk
etməlidirlər. Bu məsələdə əsas iş tənqid etmədən, xoş niyyətlə,
maraqlı görünərək, hörmətlə onların sosial şəbəkədəki fəaliyyətləri
və virtual dostları haqqında danışmaq lazımdır.
- Ailədaxili münasibətlər sistemi necə olmalıdır ki, yeniyetmələr şəxsi inkişaf böhranı zərərsiz keçə bilsin?
- Hər bir ailədə fərdlərin özünəməxsus adətlər və şəxsi modellər
sistemi var. Vacib olan məsələ təkcə valideynlərin necə biri olması
və bu valideynlərin necə bir övlad yetişdirmək istəməsi deyil. Eyni
zamanda, vacibdir ki, valideynlər bunun üçün nələr etməyə
hazırdırlar və kömək üçün kimlərə, hansı qurumlara müraciət edə
bilərlər. İlk vacib bağ burda ata-ana bağıdır. Bu, hər zaman sabit
və standart olmur.
Əgər bir valideyn özü sosial psixoloji böhranları aşa bilmirsə, bu,
problemin bir tərəfidir. Valideynlərin hər ikisi, yaxud biri özü
yeniyetməlik böhranlarını pis keçirdibsə və vaxtında psixoloji
dəstəkdən imtina edibsə, onun özünün psixoloji vəziyyəti qənaətbəxş
olmayacaq. Təəssüf ki, çox zaman psixoloqa mənasız dəstək kimi
yanaşırlar və ən son anda artıq heç bir dərman kömək etməyəndə ona
müraciət edirlər.
Digər vacib əlaqə valideyn və uşaq arasındakı bağdır: valideyn nə
qədər uşaq üçün əlçatandır, ünsiyyətləri hansı formada davam edir,
mənəvi-emosional mübadilə nə qədər sıxdır. Ailədə iki və daha çox
uşaq varsa, onlar arasında münasibətlər, valideynlərin öz
bacı-qardaşları ilə ünsiyyətləri önəmlidir.
Bunları nəzərə alaraq, ailə birliyi amilinə diqqət yetirilməlidir
və ailənin hər bir fərdi sevildiyini hiss etməlidir. Eyni zamanda,
öhdəliyi yerinə yetirmək həm özünə, həm ətrafa hörmət əlaməti
olmalı, edilən səhvlərin ailədaxilində müzakirəsi aparılmalıdır.
Bundan başaq, ailə üzvlərinin özünəməxsus hobbi, maraq və zövqləri
təhqir obyekti olmamalı, uşaqların həyatına daxil olan yeni dost və
sevimli obrazların seçimi kəskin tənqid edilməməlidir.
- Hər bir valideynin öz övladına verəcəyi ən vacib tərbiyə bacarıqları hansılardır?
- Yeni bilik, bacarıq və məlumatlar gərəklidir. Valideynin ilk işi özünün nümunəsidir. “Mən etdim - sən etmə, “Mən edirəm, çünki asılılığım var”, “Siqareti ata bilmirəm - sən başlama” kimi cümlələri deməklə problem həll olunmur.
Valideynlər səmərəli və əyləncəli məşğuliyyətlər haqda maraqlanmalı, bunları böyük həvəslə evdə tətbiq etməlidirlər. Hətta uşaq başlanğıcda qatılmaq istəməsə də, müşahidəçi kimi qala bilər. Heç kim ideal deyil, eləcə də valideynlər. Lakin bu düşüncə heç kimə haqq vermir ki, öz üzərində işləməsin və səhvlərini təkrarlasın. Dəyişilmək, başqa biri olmaq, güzəşt etmək heç də zəiflik demək deyil. Əlbəttə ki, müəyyən yaşa qədər insan orqanizmi böyüyür və onunla birgə bizim psixologiyamız da inkişaf edir. Amma müəyyən yaşdan sonra bədən böyümür, lakin psixologiyamız davamlı inkişaf ehtiyaclı olaraq qalır.
