Bakı. Trend:
İlk İİV hallarının ölkəmizdə qeydə alındığı tarixdən bu günə qədər infeksiyanın yayılma sürəti regionda ən aşağı səviyyələrdən biri olaraq qalır. Müasir antiretrovirus müalicə proqramları, erkən diaqnostika, PrEP/PEP kimi qabaqlayıcı tədbirlər və geniş maarifləndirmə işləri sayəsində minlərlə insan nəzarət altında saxlanılır və yoluxma riski minimuma endirilir.
Trend xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva İİV-in nə olduğu, əsas yoluxma yolları, qorunma üsulları, anadan uşağa ötürülmənin qarşısının alınması, tibbi təhlükəsizlik və stiqmanın aradan qaldırılması kimi vacib məsələlərə aydınlıq gətirib.
– Günel xanım, ilk olaraq oxucularımız üçün məlumat verərdiz ki, İİV/QİÇS nədir və yoluxmanın əsas mənbələri hansılardır?
– İnsan İmmunçatışmazlığı Virusu (İİV) – İnsan orqanizmində
immun sistemin tədricən zəifləməsi ilə xarakterizə olunan, müalicə
edilən müxtəlif ağırlaşmalar və yanaşı xəstəliklərin inkişafına
gətirib çıxaran xroniki infeksion xəstəlikdir. İİV viruslarının
yoluxması nəticəsində yaranan kliniki vəziyyət uzunmüddətli gedişə
və ilkin mərhələlərdə heç bir kliniki simptomatika müşahidə
olunmaya bilər.
Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) – İİV-infeksiyasının
terminal mərhələsini təşkil edir. Bu mərhələdə immun sisteminin
əsas hüceyrələri olan CD4-limfositlərin səviyyəsi kəskin şəkildə
azalır. Nəticədə, orqanizmdə çoxsaylı opportunistik infeksiyalar
vərəm, pnevmoniyalar, göbələk mənşəli xəstəliklər və s.) və
qeyri-infeksion patologiyalar (bədxassəli şişlər, mərkəzi sinir
sisteminin zədələnməsi və s.) meydana çıxır.
İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə törədilən xəstəliyin əsas mənbəyi, xəstəliyin istənilən mərhələsində virusla yaşayan insandır. Yoluxduruculuq xüsusilə virusun orqanizmdə yüksək konsentrasiyada olduğu dövrlərdə – yəni infeksiyanın erkən (ilkin klinik əlamətlərin göründüyü) və gecikmiş mərhələlərində daha yüksək olur. İİV insan orqanizmində müxtəlif immun və qeyri-immun hüceyrələrdə lokalizasiya olunur. Virus bu hüceyrələrə daxil olduqdan sonra onların genetik materialına inteqrasiya edərək latent (gizli) vəziyyətdə uzun müddət fəaliyyət göstərə bilər. Bu mərhələdə yoluxmuş şəxslərdə klinik əlamətlər müşahidə olunmaya bilər, lakin onlar virusun aktiv daşıyıcısı olaraq başqalarını yoluxdurma potensialına sahib olurlar. Bu xüsusiyyət, İİV-in yayılmasının qarşısının alınmasında profilaktik tədbirlərin və müntəzəm skrininq proqramlarının əhəmiyyətini bir daha vurğulayır. Məhz bu səbəbdən İİV/QİÇS-lə mübarizənin əsas məqsədlərindən biri – yoluxmanın qarşısının alınması, erkən diaqnostika və profilaktik tədbirlərin genişləndirilməsidir. Erkən aşkarlama və müalicəyə cəlb olunma həm şəxsin sağlamlığını qoruyur, həm də cəmiyyət daxilində infeksiyanın yayılma riskini azaldır.
– Azərbaycanda İİV/QİÇS-in epidemioloji vəziyyətini necə dəyərləndirərdiniz?
– İlk öncə qeyd etmək istərdim ki, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək, 11554 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır. Onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır. Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir. İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir.
Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində hazırda on mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır. İİV-lə yaşayan şəxslərə tətbiq edilən antiretrovrial müalicə infeksiyanın inkişafının qarşısını almaqla yanaşı, yoluxduruculuğun azalmasına da səbəb olur, belə ki, müalicədə olan İİV-lə yaşayanlarda virusun səviyyəsi qanda müəyyən olunmayan səviyyəyədək endiyi üçün İİV-in yoluxmuş şəxslərdən başqalarına ötürülmə riski minimuma enir.
– İİV-infeksiyasından qorunmaq üçün hansı profilaktik tədbirlər daha vacibdir?
– Profilaktika həm fərdi, həm də ictimai səhiyyə baxımından
olduqca mühümdür. Əsas istiqamətlərdən biri təhlükəsiz
davranışların təşviqidir. Qoruyucu vasitələrdən, düzgün və davamlı
istifadə, riskli davranışlardan çəkinmək və sağlam həyat tərzinə
riayət İİV-dən qorunmanın ən effektiv üsullarındandır.
Gənclər və yeniyetmələr arasında maarifləndirmə proqramlarının
gücləndirilməsi, onlar arsında İİV/QİÇS barədə məlumatlılığın
artırılması İİV-ə yoluxma riskinin azaldılmasında mühüm rol
oynayır. Bu məqsədlə, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə
Mərkəzi tərəfindən hər təhsil ili ərzində Bakı və regionlarda
təşkil olunmaqla, 100-dən artıq orta, orta ixtisas və ali təhsil
müəssisələrində müəllim-şagird heyəti üçün təlimlər təşkil olunur,
maarifləndirici buklet, çap vəsaitləri paylanılır. Həmçinin gənclər
arasında keçirilən tədbirlərdə müayinə aksiyaları da təşkil
olunur.
– Tibbi prosedurlar zamanı yoluxmanın qarşısı necə alınır?
– İİV-in parenteral yolla yoluxmasını nəzərə alaraq, xüsusilə tibbi prosedur və manipulyasiyalar zamanı bir dəfəlik və steril tibbi avadanlıqlardan istifadə tövsiyə olunur.
Tibb müəssisələrində qan, cərrahiyyə, ginekoloji, stomatoloji və
s. tibbi müdaxilələr zamanı tibb işçilərinin universal ehtiyat
tədbirlərinə riayət etməsi mütləqdir. Bu məqsədlə, Səhiyyə
Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən ölkədə
fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində çalışan tibb
işçiləri arasında silsilə təlimlər keçirilir. Həmçinin, RQMM
tərəfindən “Tibb müəssisələrində İİV infeksiyasının
profilaktikasına aid universal təhlükəsizlik qaydaları” çap
olunaraq, tibb işçiləri arasında paylanılıb.
Həmçinin, gözəllik salonları, tatuaj və pirsinq xidmətləri göstərən
məkanlarda gigiyena normalarına ciddi şəkildə əməl olunması İİV-in
ötürülməsinin qarşısını almağa yönəlmiş profilaktik tədbirlərdən
hesab olunur.
– İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması üçün hansı tədbirlər görülür?
– İİV-ə yoluxma yollarından biri də anadan uşağa ötürülmə yolu olduğu üçün, hamilə qadınların İİV-ə müayinə olunmaları mütləqdir. İİV-pozitiv qadınlar dərhal antiretrovirus müalicəyə cəlb olunmalı, müalicəyə yüksək sadiqlik göstərməlidirlər. Həmçinin doğuş zamanı keysəriyyə əməliyyatına üstünlük verilməsi tövsiyə olunur. Anadan uşağa ötürülmənin profilaktikasına həmçinin yenidoğulmuşların profilaktikası da daxildir. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə mərkəzin pediatrı tərəfindən yenidoğulmuşa 28 günlük profilaktika təyin olunur və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən təmin olunur. Artıq uzun illərdir ölkədə uğurlu şəkildə anadan uşağa ötürülmənin profilaktikası həyata keçirilir.
– Könüllü müayinə və məsləhət xidmətləri necə təşkil olunur?
– İİV-ə qarşı həyata keçirilən profilaktik tədbirlər yalnız risk qrupları arasında deyil, həmçinin ümumi əhali arasında da İİV-lə bağlı məlumatlılığın yüksəlməsinə, İİV-ə testləşmənin əhatə dairəsinin genişlənməsinə, İİV-ə yoluxmuş şəxslərin erkən mərhələdə aşkarlanmasına və müalicə proqramına cəlb olunmasına xidmət edir. İİV-ə görə müayinələr üçün müntəzəm yoxlanışlar, xüsusilə risk qruplarında olan şəxslər üçün tövsiyə olunur. Risk qrupları arasında İİV-ə testləşmənin əlçatanlığının artırılması məqsədilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən stasionar və mobil könüllü müayinə məntəqələrində İİV-ə testləşmələr həyata keçirilir.
– PrEP və PEP proqramları barədə nə deyə bilərsiniz?
– İİV-ə yoluxmanın qarşısını alınması məqsədilə ölkədə PrEP (Təmasdan öncə profilaktika) və PEP (Təmasdan sonra Profilaktika) proqramları icra olunur.
PrEP (Təmasdan öncə profilaktika) — İİV-ə yoluxma riski yüksək olan, lakin virusla yoluxmamış şəxslər üçün nəzərdə tutulmuş qabaqlayıcı profilaktik yanaşmadır. Bu yanaşma, yoluxma riski daşıyan əhali qruplarında tətbiq edilməklə həm fərdi sağlamlığın qorunmasına, həm də virusun yayılmasının məhdudlaşdırılmasına töhfə verir.
PEP (Təmasdan Sonra Profilaktika) - İİV-lə təmasdan sonra virusun orqanizmdə inkişafının qarşısını alınması məqsədilə tətbiq olunan təcili tibbi profilaktik tədbirdir. Bu yanaşma, virusla mümkün təmasdan sonra 72 saat ərzində başlanmalı və 28 gün ərzində davam etdirilməlidir.
Bu tədbirlərin kompleks şəkildə tətbiqi İİV infeksiyasının yayılma sürətini azaltmaqla yanaşı, İİV-lə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına da töhfə verir. Profilaktika sahəsində milli strategiyaların gücləndirilməsi və beynəlxalq təcrübədən yararlanma müasir səhiyyə siyasətinin vacib istiqamətlərindəndir.
– Maarifləndirmə və ictimai məlumatlandırma sahəsində hansı işlər görülür?
– İİV/QİÇS-lə mübarizənin əsas istiqaməti əhalinin İİV infeksiyası, yoluxma yolları və qorunma tədbirləri barədə biliklərinin artırılması üçün maariflənməsidir. Bu istiqamət xüsusilə Səhiyyə Nazirliyi RQMM-in İİV/QİÇS-lə mübarizədə əsas fəaliyyət sahəsini təşkil edir. Səhiyyə Nazirliyi RQMM-in təlim komandası tərəfindən ümumi əhali, şagird və tələbə heyəti arasında, həmçinin risk qrupları və tibb işçiləri arasında silsilə təlimlər keçirilir, müayinə aksiyaları təşkil olunur, əhali arasında maarifləndirici bukletlər paylanılır. Həmçinin, media və sosial platformalar vasitəsilə davamlı maarifləndirmə işi aparılır.
Stiqma və diskriminasiyanın aradan qaldırılması da profilaktikanın mühüm hissəsidir. Bu məqsədlə Mərkəzin psixoloqları tərəfindən həm qeydiyyatda olan pasiyentlər və onların ailə üzvləri, həm də ümumi əhali arasında davamlı maarifləndirici işlər aparılır, psixoloji konsultasiyalar icra olunur.
