Bakı. Trend:
Azərbaycanda dəniz yüklərinin daşınması ilə bağlı dünya təcrübəsi nəzərə alınır, lakin burada daha da təkmilləşdirilmələrin aparılması zəruridir.
Trend xəbər verir ki, bunu Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İdarə Heyətinin sədri Orxan Xəlilzadə bu gün Bakıda FHN, SOCAR və AISA-nın iştirakı ilə Texniki normativlərin təkmilləşdirilməsi mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, xüsusən də Orta Dəhliz vasitəsilə artıq Azərbaycan üzərindən yükdaşımaları artır.
O. Xəlilzadə vurğulayıb ki, ölkə ərazisindən keçən təhlükəli yüklərin, ələləxüsus 1-ci sinif partlayış tərkibli, 6-cı sinif zərərli maddələr və 7-ci sinif radioaktiv yüklərin daşınması zamanı həmin yüklərin ölkə ərazisindən daşınması zamanı əvvəlcədən daha çox məlumatlılıq olmalıdır: "Bu təkcə marşrutun razılaşdırılmasından ibarət deyil, burada təkmilləşdirilmələrin artırılması zəruridir".
O. Xəlilzadənin irəli sürdüyü məsələni Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) SƏTƏMM şöbəsinin müdiri Samir Əliyev dəstəkləyib.

O da bildirib ki, bu istiqamətdə daha da təkmilləşdirilmələrin aparılması zəruridir.
"Dəniz yükdaşımaları müvafiq qaydalar üzərində həyata keçirilir. Beynəlxalq praktikada da təhlükəli yüklərin daşınması üzrə müvafiq tədbirlər və standartlar mövcuddur. Bizdə də bu standarlara uyğun dəniz nəqliyyatı ilə yükdaşımaları həyata keçirilir", - o qeyd edib.
