Qrossi və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 26 Aprel 2026 19:51 (UTC +04:00)
Qrossi və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə Qrossi "X" sosial şəbəkə hesabında yazıb.

Qrossi bildirib ki, Çernobıl faciəsinin 40-cı ildönümündə Prezident Zelenski ilə bir araya gəlmək onun üçün böyük şərəfdir. Onun sözlərinə görə, görüş zamanı tərəflər Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyəti, həmçinin Ukraynanın enerji infrastrukturunun bərpası, o cümlədən Xmelnitski AES-də yeni enerji bloklarının tikintisi və Çernobıldakı yeni təhlükəsizlik örtüyünün təmiri ilə bağlı görülən işləri müzakirə ediblər.

BAEA rəhbəri vurğulayıb ki, agentlik bundan sonra da Ukraynada nüvə təhlükəsizliyinin təmin olunmasına dəstəyini davam etdirəcək.

Prezident Zelenski isə qeyd edib ki, Qrossi ilə əsas müzakirə mövzularından biri Enerqodardakı AES-in azad olunması olub.

Ukrayna lideri xatırladıb ki, Rusiya həm Çernobıl AES-ə pilotsuz uçuş aparatları ilə hücum edib, həm də Zaporojye AES-in enerji blokları, inzibati binaları və digər obyektlərini müxtəlif növ ağır silahlarla atəşə tutub. Hazırda stansiyanın altı enerji blokunun heç biri fəaliyyət göstərmir.

Zelenskinin sözlərinə görə, Rusiyanın bu addımları qlobal nüvə təhlükəsizliyi üçün ciddi təhdid yaradır və bunu unutmamaq vacibdir.

Bundan əlavə, Zelenski və Qrossi “Çernobıl” Milli Muzeyində “Çernobıl: insanlar və mənalar” adlı yeni daimi sərginin açılış mərasimində də iştirak ediblər.

Görüş zamanı həmçinin Ukraynanın nüvə infrastrukturunun təhlükəsizliyinin təmin olunması üçün tərəfdaş ölkələrin gələcək dəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti