Bakı. Trend:
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində unikallığı ilə seçilən aşağı çənənin bərpası üzrə unikal və yüksək texnoloji cərrahi əməliyyat uğurla icra olunub.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bu əməliyyat mərkəzdə ilk dəfə olaraq 2026-cı ilin mart ayında Səhiyyə Nazirliyinin tapşırığı ilə yaradılmış plastik və rekonstruktiv cərrahiyyə şöbəsinin həkimləri tərəfindən icra edilib.
Əməliyyat təxminən 10 saat davam edib və bir neçə ixtisas üzrə cərrahi briqadaların iştirakı ilə həyata keçirilib. Baş-boyun nahiyəsi üzrə əməliyyat üz-çənə cərrahı-onkoloq, tibb elmləri doktoru, professor Məhəmməd Davudov və şöbə müdiri, plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Elçin Məmmədov tərəfindən icra edilib.
Mikrocərrahi transplantasiya mərhələsi isə üz-çənə cərrahı, tibb üzrə fəlsəfə doktoru Kamil Abdullayev və üz-çənə cərrahı Vəlican Abasov tərəfindən həyata keçirilib.
Əməliyyatın uğuru dəqiq rəqəmsal planlaşdırma, ixtisaslaşmış
tibbi avadanlıqlar və anestezioloqlar, onkoloqlar, üz-çənə və
plastik-rekonstruktiv cərrahların koordinasiyalı fəaliyyəti
nəticəsində mümkün olub.
Bir il yarım əvvəl pasiyentə baş-boyun nahiyəsində yerləşən geniş
yayılmış bədxassəli törəmə səbəbilə aşağı çənənin yarısı çıxarılmış
və onun yerinə titan konstruksiya yerləşdirilib. Müasir tibbi
texnologiyaların tətbiqi sayəsində həyata keçirilən son əməliyyat
zamanı əvvəlcədən qoyulmuş titan lövhə çıxarılıb, aşağı çənənin
yarısı pasiyentin öz sümüyü — fibula (incik sümüyü) vasitəsilə
yenidən qurulub.
Mikrocərrahi üsulla icra olunan rekonstruksiya zamanı sümük
strukturu pasiyentin ayağından götürülərək üz nahiyəsinə
transplantasiya edilib və damarlar yüksək dəqiqliklə birləşdirilib.
Bu yanaşma onkoloji əməliyyat nəticəsində itirilmiş üz nahiyəsinin
həm funksional, həm də estetik baxımdan bərpasına imkan verir.
Mütəxəssislərin sözlərinə görə, gələcək mərhələdə bərpa olunmuş
sümüyə dental implantların yerləşdirilməsi planlaşdırılır ki, bu da
pasiyentin həyat keyfiyyətinin tam bərpasına şərait yaradacaq.
Mərkəzdə bu kimi yüksək texnologiyalı əməliyyatların icrası ölkədə
rekonstruktiv cərrahiyyənin inkişafına və vətəndaşların müasir
tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə
verir.
