...

BMT Azərbaycanda "quş qripi" virusunun aradan qaldırılması istiqamətində iş aparır

Cəmiyyət Materials 22 Mart 2006 17:25 (UTC +04:00)

Azərbaycanda "quş qripi" virusuna yeni yoluxma faktlarının yaranmasının qarşısını almaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Pavel Urso bir sıra tədbirlərin həyata keçirilməsi zəruriliyini bəyan edib. Trend in xəbər verdiyi kimi, bu barədə UNİSEF-in məlumatında deyilir.

P.Urso qeyd edib ki, xüsusi virusun aşkar olunduğu rayonlarda əhali aşağıdakılardan ibarət minimal tədbirləri həyata keçirməlidir: xəstə və məhv edilmiş quşlarla kontaktda olmamaq, yalnız bişmiş yumurta və quş ətindən istifadə etmək. Adi qriplə xəstələnmiş şəxslər də quşlarla kontaktdan uzaq olmalıdır.

ÜST nümayəndəsi qeyd edib ki, H5N1 virusunun aşkar olunduğu yerlərdə infeksiyaya nəzarət məqsədilə epidemioloji tədqiqatlar, o cümlədən kliniki menecment həyata keçirilir.

BMT-nin "quş qripi" üzrə əlaqələndiricisi, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Hana Singer qeyd edib ki, virusla fəal mübarizə aparmaq üçün ilk növbədə onun mənbəyini aşkar etmək lazımdır. "Bizim ictimaiyyətin fəal dəstəyinə ehtiyacımız var", - deyə o bildirib.

UNİCEF Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı nazirlikləri ilə birlikdə artıq qeyri-hökumət təşkilatları vasitəsilə yayılan birgə informasiya materialları hazırlayıb.

Qeyd edək ki, ÜST-nin sonuncu bəyanatına əsasən, Azərbaycanda rəsmən 7 nəfərin "quş qripi" virusuna yoluxduğu təsdiqlənib ki, onların da 5-i artıq vəfat edib.

Xəbər lenti

Xəbər lenti