...

Qafqaz Müsəlmanları İdarəsi hakimdən məhkəmə iclasının yekunlaşmasını tələb edir

Cəmiyyət Materials 3 May 2006 13:34 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Səbail rayon Məhkəməsində bu idarənin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiası əsasında keçirilən məhkəmə iclasının yekunlaşmasını tələb edir. Bu barədə Trend ə məhkəmənin işində iştirak edən QMİ-nin hüquqi nümayəndəsi Muxtar Mustafayev məlumat verib.

QMİ hesab edir ki, məhkəmənin yekun qərar çıxarmasına mane olan səbəb hakimin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertiza keçirilməsi ilə bağlı vəsatətini təmin etməsidir. Belə ki, həmin vəsatət ziyarətgahların İslam dininə aid olub-olmaması ilə bağlıdır. QMİ isə hesab edir ki, hakimin bu vəsatəti təmin etməsi məhkəmənin işini süni şəkildə uzatmaq məqsədi güdür.

Qeyd edək ki, QMİ-nin DQİDK-nə qarşı məhkəmədə iddia qaldırmasına səbəb DQİDK-nin qanunvericiliyi pozması və QMİ-nin təqdimatı olmadan Lənkəranda "Şeyx Zahid" ziyarətgahını yaratmasıdır. QMİ DQİDK-nin ziyarətgah yaratmasının qanunazidd olması barədə məhkəmədə iddia qaldırıb.

Hakim İlham Ağayev isə iddiaçı tərəfin məhkəmədən tələbini əsassız hesab edir. Onun sözlərinə görə, məhkəmədə vəsatət verən tərəfin hüququ nəzərə alınıb və tam qanuni qərar çıxarılıb. Ekspertizanın keçirməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatanda məhkəmə də həmin ekspertizanın rəyi əsasında yekun qərarını elan edəcək.

Xəbər lenti

Xəbər lenti