...

MQİBİ ədliyyə həftəsi çərçivəsində jurnalistləri 1 saylı cəzaçəkmə müəssisəsinə aparıb

Cəmiyyət Materials 4 İyul 2006 18:21 (UTC +04:00)

İyulun 4-də Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin nümayəndələri Bakıdakı 1 saylı cəzaçəkmə müəssisəsində olublar. Trend xəbər verir ki, tədbir ədliyyə həftəsi çərçivəsində keçirilib.

Müəssisənin rəisi Ramiz Quliyev jurnalistlərə məlumat verib ki, 1937-ci ildə inşa edilmiş müəssisədə hazırda ağır cinayət törətdiyinə görə məhkum edilmiş 1064 şəxs saxlanılır. Həmin məhkumlardan 250 nəfəri narkotik vasitələrin satışında iştirak etdiyi üçün cəza alıb. Məhbuslar arasında oğurluq və xuliqanlıq cinayətləri törətmiş şəxslər çoxluq təşkil edir.

" Müəssisədə kərpic, plastmas, digər həbsxanalar üçün geyim dəstləri sexi fəaliyyət göstərir. Həmçinin yardımçı təsərrüfat kimi donuzçuluq ferması da fəaliyyətdədir. Müəssisədə məhbusların əlavə təhsil almaları üçün peşə məktəbi, mütaliə üçün kitabxana və oxu zalı var. Xüsusi əl qabiliyyəti olan insanların müxtəlif suvenir və mebellər hazırlaması üçün də sex fəaliyyət göstərir. Müəssisədə saxlanılan məhbusların 230 nəfəri daimi işlə təmin olunub. Gördükləri işin müqabilində dövlətdən maaş da alırlar" - deyə müəssisə rəhbəri qeyd edib.

Maaş alan məhbuslar qazanclarının 1/3 hissəsini xərcləyə bilirlər. Qalan məbləğ isə onların hesablarına yatırılır.

Müəssisə rəhbəri həmçinin jurnalistlərin nəzərinə çatdırıb ki, məhbuslara ailə üzvləri ilə ay ərzində bir dəfə qısamüddətli, ildə iki dəfə isə uzunmüddətli görüş verilir. Müəssisədə 10 uzunmüddətli görüş otağı var.

Müəssisədə qeyri-müsəlman dinindən olan məhbuslar üçün ibadət otaqları da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti