...

Səmti müəyyən etmə idman növü üzrə növbəti respublika çempionatı başa çatıb (FOTO)

İdman Materials 29 Oktyabr 2013 17:27 (UTC +04:00)
Oktyabr 27-də Bakının Binəqədi rayonu ərazisində (Avtovağzal yaxınlığında yerləşən meşə massivində) Azərbaycanın səmti müəyyən etmə idman növü üzrə növbəti çempionatı keçirilib.
Səmti müəyyən etmə idman növü üzrə növbəti respublika çempionatı başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabr 27-də Bakının Binəqədi rayonu ərazisində (Avtovağzal yaxınlığında yerləşən meşə massivində) Azərbaycanın səmti müəyyən etmə idman növü üzrə növbəti çempionatı keçirilib.

Səmti Müəyyən Etmə İdman Federasiyasından Trend-ə verilən məlumata görə, yarış Vergilər Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gənclər və İdman Nazirliyi və Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən keçirilib.

Yarış açıq keçirilməklə, nəticələr komanda və fərdi olaraq hesablanıb. Əvvəlki illərdə Nabranda (Yalama) düzənlik ərazilərdə keçirilmiş çempionatlardan fərqli olaraq, budəfəki respublika çempionatı təpəli, bəzi yerlərdə dik yoxuşlu, sıldırımlı, yarğanlı, çuxurlu və məsafəyə əlavə çətinlik verən digər relyef obyektli ərazidə leysan yağışın altında keçirilib.

Çempionat müvafiq xəritə, eləcə də ilk dəfə olaraq milli mütəxəssislər briqadası tərəfindən təmin olunmuş beynəlxalq elektron qeyd olunma sisteminin tətbiqi ilə beynəlxalq standartlara tam uyğun şəkildə keçirilib. Yarış poliqonunun, yarışın təntənəli açılış/bağlanış mərasiminin lazımi avadanlıqla təmin olunmasına şərait yaratmış Binəqədi Rayon İcra Hakimiyyətinin rolu da xüsusilə qeyd edilməlidir. Çünki yarışın açılış mərasimindən öncə başlamış və yarışın sonuna qədər davam etmiş güclü yağış şəraitində keçirilmiş tədbirdə əvvəlcədən hazırlanmış çadırlar, isti çay və buterbrodlar tam yerinə düşüb. Lakin yağışın yağması, çətin keçilən palçıqlı məsafələr idmançıların kubok uğrunda mübarizə aparmasına əngəl olmayıb.

Yarışda ümumilikdə müxtəlif kateqoriyalar üzrə 188 nəfər idmançı iştirak edib (müqayisə üçün: 2012-ci ildə keçirilmiş respublika çempionatında cəmi 130 nəfər iştirak etmişdi). 188 nəfər idmançıdan 79-u "K (kişi)-21-Elit", 41-i "Q (qadın)-21-Elit", 50 nəfəri kişi/qadın OPEN kateqoriyasının idmançısı və 28 nəfəri JUNIOR üzrə qaçan uşaqlar olub.

Bundan əlavə, yarışda hazırda Bakı şəhərində yaşayan Finlandiya, Yeni Zelandiya və Hollandiyadan olan idmançılar da iştirak ediblər. Ümumilikdə, kubok uğrunda Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, təhsil müəssisələrini təmsil edən 15 komanda (komandanın tərkibinə 4 kişi və 2 qadın daxil idi), eləcə də Ukraynanın Azərbaycandakı səfirliyinin komandası da iştirak edib.

Komandaların əsas mübarizəsi K (kişi)/Q (qadın) - 21 "ELİT" kateqoriyasında olub. Kişilərin məsafəsi 20 nəzarət məntəqəsindən ibarət 4.1 km təşkil edib. Bununla belə, məsafənin hündürlük toplamı 220 metr müəyyən edilib (bu isə təcrübədə hər iştirakçının 8-9 mərtəbəli bina hündürlüyündə 7 təpə aşması deməkdir). Qadınların məsafəsi 12 nəzarət məntəqəsindən ibarət, 120 metr hündürlük toplamlı 2.9 km təşkil edib. OPEN kateqoriyasında məsafə 11 nəzarət məntəqəsindən ibarət olmaqla 2.2 km olub. Uşaqlar isə 1 km məsafə keçib 11 nəzarət məntəqəsində qeyd olunmalı idilər.

Gərgin mübarizə nəticəsində ümumi komanda birinciliyində yerlər aşağıdakı kimi bölünüb:

- 1-ci yer - Ukraynanın Azərbaycandakı səfirliyi;
- 2-ci yer - Xüsusi Dövlət Mühafizə Xidməti;
- 3-cü yer - Fövqəladə Hallar Nazirliyi.

Bütün komanda iştirakçıları Gənclər və İdman Nazirliyinin müvafiq dərəcəli diplomları ilə, eləcə də Binəqədi Rayon İcra Hakimiyyətinin təqdim etdiyi qiymətli hədiyyələrlə təltif olunub. Bundan əlavə, Ukraynanın Azərbaycandakı səfirliyi respublika çempionatının qalibi kimi fəxri kubokla mükafatlandırılıb.

Fərdi hesabda qalib gəlmiş idmançılar:

- "K (kişi) 21 ELİT" kateqoriyası:
1-ci yer - Aleksandr Mişenko - Ukraynanın Azərbaycandakı səfiri;
2-ci yer - Şənlik Fətəliyev - AR DİN Daxili Qoşunlar komandasının üzvü;
3-cü yer - Orxan Şahbazov - Xüsusi Dövlət Mühafizə Xidməti komandasının üzvü.

- "Q (qadın) 21 ELİT" kateqoriyası:
1-ci yer - Natalya Əliyeva - "Neftçi İSM" komandasının üzvü;
2-ci yer - Nadejda Manuilova - "Dağçılıq İdman Klubu" komandasının üzvü;
3-cü yer - Yanina Maşkova - "Dağçılıq İdman Klubu" komandasının üzvü.

- "OPEN - kişi" kateqoriyası:
1- ci yer - Cavid Süleymanov;
2-ci yer - Hüseyn Hüseynov;
3-cü yer - Seymur Davudov.

- "OPEN - qadın" kateqoriyası:
1-ci yer - Tatyana Fedyukina (Ukrayna);
2-ci yer - Rövşanə Babayeva;
3-cü yer - Yana Kazımova.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti