...

Ahmet Duman Avstriya – Türkiyə oyununda güclünü açıqlayıb

İdman Materials 28 İyun 2024 17:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə millisi Avropada çox güclü komandalardan biridir.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Türkiyə millisinin sərbəst güləş üzrə üzvü Ahmet Duman (61 kq) deyib.

O, “ay-ulduzlular”ın AVRO-2024-dəki çıxışını dəyərləndirib. Dumanın sözlərinə görə, Türkiyənin qrupda son görüşdə Çexiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlməsi potensialından xəbər verir: “Futbolçularımız və idmançılarımız hər zaman bayrağımız uğrunda mübarizə aparır. Hər bir komandamıza daim güvənməliyik. Həmçinin yığmadakı oyunçularımız öz potensialına inanaraq, çıxış etməlidirlər. Əminəm ki, son damla qanımıza qədər Avropa çempionatındakı mübarizəmizi davam etdirəcəyik”.

O bildirib ki, gərginliyi ilə yadda qalan matçı Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edəcək milli güləşçilərlə birlikdə izləyiblər: “Sizləri inandırım ki, oyunun final fitinə kimi tüklərimiz biz-biz oldu. Biz hazırlıq məqsədi ilə Kastomonudaydıq. Qələbə münasibəti ilə bütün şəhərdəki insanlar ya maşınla, ya da piyada bayraqlarla birlikdə meydanda yürüş edirdilər. Bu qələbə həqiqətən millət olaraq bizi çox sevindirdi və qürurlandırdı”.

Duman vurğulayıb ki, “ay-ulduzlular”ın 1/8 finalda rəqibi güclü olsa da, komandasına inanır: “Avstriya güclü yığmalardan biridir. Hətta bir çoxları onları çempion hesab edir. Amma millimizə güvənirəm. Düşünürəm ki, bu matçda 2:1 hesabla qalib gələcəyik”.

Qeyd edək ki, Avstriya – Türkiyə oyunu iyulun 2-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti