Bakı. Trend:
Triatlon üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Triatlon Federasiyasının (ATF) mətbuat xidməti məlumat yayıb.
Mərasimdə federasiyanın rəhbəri Fərid Fərhadzadə çıxışında Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Bildirilib ki, regionlarda yaradılan müasir idman infrastrukturu və dövlətin idmana dəstəyi triatlonun inkişafı üçün mühüm imkanlar açır. O, həmçinin Gənclər və İdman naziri Fərid Qayıbovun triatlona verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Yeni baş məşqçi Oleksandr Mordasov hazırlıq prosesi, kadr potensialının gücləndirilməsi və beynəlxalq arenada nəticələrin artırılması ilə bağlı planlarını iştirakçılarla bölüşüb.
Daha sonra ATF-nin baş katibi Seymur Hüseynov son iki ilin fəaliyyətini əhatə edən hesabat təqdim edib. Hesabatda yerli və beynəlxalq yarışlar, idmançıların nailiyyətləri və federasiyanın gələcək planları yer alıb.
Sonda vitse-prezidentlər və İcraiyyə Komitəsinin üzvləri çıxış edərək, gələcək hədəflər və triatlonun inkişafı ilə bağlı öz tövsiyələrini paylaşıblar. Tədbir fikir mübadiləsi və birgə əməkdaşlıq çağırışları ilə yekunlaşıb. Federasiyanın qarşıdakı dövrdə də triatlonun inkişafı və beynəlxalq uğurların artırılması istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.