Bakı. Trend:
28 May – Müstəqillik Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli və qürurverici səhifələrindən biridir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqımız üçün deyil, bütövlükdə Şərq və müsəlman dünyası üçün mühüm tarixi hadisə olub:
“Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublika kimi tarixə düşmüşdür. Bu, xalqımızın yüksək siyasi təfəkkürə, milli şüura və müstəqil dövlət qurmaq iradəsinə malik olduğunu bütün dünyaya nümayiş etdirdi.
1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi Azərbaycan xalqının azadlıq və müstəqillik arzularının rəsmi ifadəsi idi. Həmin tarixi sənəd xalqımızın milli dövlətçilik ənənələrini yenidən dirçəltdi, Azərbaycanın müstəqil dövlət kimi dünya siyasi xəritəsində yer almasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət – cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm və tarixi addımlar atmağa nail olub.
Həmin dövrdə milli parlament və hökumət formalaşdırılmış, dövlət atributları təsis edilib, Azərbaycan vətəndaşlığı institutu yaradılıb, milli ordu quruculuğuna başlanılıb. Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlara milli, dini, irqi və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verməklə demokratik dövlətçilik ənənələrinin əsasını qoyub. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən qabaqcıl və mütərəqqi dövlətlərindən biri hesab edilirdi”.
A.Həsənova qeyd edib ki, Cümhuriyyət dövründə təhsil və maarifçilik sahəsində də mühüm addımlar atılıb:
“Tədrisin ana dilində aparılması ilə bağlı qərarların qəbul edilməsi, Bakı Dövlət Universitetinin yaradılması, milli kadr hazırlığı istiqamətində həyata keçirilən tədbirlər xalqımızın intellektual inkişafına böyük töhfə verdi. Eyni zamanda hüquq və məhkəmə sisteminin formalaşdırılması, ədliyyə orqanlarının yaradılması müstəqil dövlət institutlarının qurulması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində də ölkəmizin milli maraqlarını müdafiə etməyə çalışıb, dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin qurulması istiqamətində mühüm addımlar atıb. Paris Sülh Konfransında Azərbaycanın tanınması uğrunda aparılan diplomatik fəaliyyət ölkəmizin beynəlxalq hüququn subyekti kimi qəbul edilməsində mühüm rol oynadı. Məhz həmin tarixi fəaliyyət nəticəsində Azərbaycan dövlətçiliyi xalqımızın yaddaşında və beynəlxalq siyasi düşüncədə qorunub saxlanıldı”.
A.Həsənova vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsi müasir müstəqil Azərbaycan Respublikasının əsas ideoloji və dövlətçilik dayaqlarından biridir:
“Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolunu yüksək qiymətləndirərək müasir Azərbaycanın məhz həmin dövlətin varisi olduğunu dəfələrlə vurğulayıb. Ümummilli Liderin dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. XX əsrin sonlarında xalqımız yenidən müstəqilliyini bərpa etsə də, ölkə ciddi təhlükələrlə üz-üzə idi. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, ölkədə sabitlik təmin edildi və müstəqil inkişafın möhkəm təməlləri yaradıldı.
Xüsusilə qeyd edilməlidir ki, üçrəngli dövlət bayrağımızın ilk dəfə yenidən rəsmi şəkildə ucaldılması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi xalqımızın müstəqillik arzularının daha da güclənməsinə səbəb olub.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin idealları uğurla yaşadılır və inkişaf etdirilir. Dövlətimizin suverenliyi və milli maraqları qətiyyətlə qorunur, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, üçrəngli dövlət bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanmağa başlayıb. Bu, xalqımızın milli birliyinin, güclü dövlət iradəsinin və tarixi ədalətin təntənəsidir”.
Deputat vurğulayıb ki, 2021-ci ildə qəbul edilən “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunması da dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir:
“Bu gün Azərbaycan xalqı böyük qürur hissi ilə Müstəqillik Gününü qeyd edir. Çünki xalqımız artıq qalib, müzəffər və güclü dövlətin vətəndaşıdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzuları bu gün müstəqil, qüdrətli və suveren Azərbaycan Respublikasında yaşayır və həyata keçirilir.
28 May – Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olmasını arzulayıram. Yaşasın müstəqil Azərbaycan!”.
