Baki. Trend:
Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda startaplar və mikro, kiçik və orta biznes (MKOB) subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması nəzərdə tutulub.
Trend xəbər verir ki, sənədə əsasən, sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə startaplar, ilkin inkişaf mərhələsində olan sahibkarlıq subyektləri və böyümə hədəfli mikro, kiçik və orta biznes (MKOB) subyektləri üçün maliyyə mənbələrinə - həm borc, həm də kapital alətlərinə çıxış imkanlarının genişləndirilməsi planlaşdırılır.
Dövlət Proqramında qeyd olunub ki, tədbirin əsas icraçı qurumları kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi müəyyən edilib. Tədbirlərin icrası 2027–2028-ci illəri əhatə edəcək.
Sənədə görə, ilkin mərhələdə startap və böyümə kapitalına tələbin qiymətləndirilməsi həyata keçiriləcək. Aralıq nəticə olaraq startaplar və inkişaf edən sahibkarlıq subyektləri üçün xüsusi maliyyə mexanizmlərinin təklif edilməsi nəzərdə tutulur.
Yekun nəticə kimi isə startaplar, ilkin inkişaf mərhələsində olan sahibkarlıq subyektləri və böyümə hədəfli MKOB-lar üçün maliyyələşmə məhdudiyyətlərinin aradan qaldırılması hədəflənir.
