Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 518 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,1 milyon manat və ya 14,6% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 63,6 milyon manat və yaxud 34% artaraq 250,6 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-aprel aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon manat təşkil edib.
Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur.
