...

"Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin geniş təqdimatı keçirilib

İqtisadiyyat Materials 14 Mart 2019 12:58 (UTC +04:00)
"Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin KİV nümayəndələri üçün geniş təqdimatı keçirilib.
"Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin geniş təqdimatı keçirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Fransanın sosial sahələrlə bağlı nazirlikləri, Litvanın sosial müdafiə qurumları ilə birgə icra edilən "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin KİV nümayəndələri üçün geniş təqdimatı keçirilib.

Trend-in məlumatına görə, Avropa İttifaqının tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas bildirib ki, layihə çərçivəsində Fransa, Litva və Estoniya nümayəndələri yerli mütəxəssislərlə təcrübə mübadilələri aparıb, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilati quruluşu və strateji vəzifələri hazırlanıb, sığortalı şəxsin statusunun təyinatı və sığortalı şəxslərin qeydiyyatı prosesinin müəyyənləşdirilməsi, o cümlədən tibbi sığorta haqlarına dair qanunvericiliyə və xərclərin bölüşdürülməsi siyasətinə aid təkliflər hazırlanıb.

Layihə müddətində üzv dövlətlərdən olan mütəxəssislər icbari tibbi sığortanın (İTS) sınaqdan keçirilməsində İTSDA-ya müntəzəm olaraq dəstək göstəriblər. Bununla yanaşı, 2017-2018-ci illər ərzində İTS üzrə pilot layihənin qiymətləndirilməsi aparılıb və buna istinadən maliyyə idarəetməsinin düzgün tənzimlənməsi ilə bağlı təkliflər hazırlanıb.

Eləcə də Azərbaycanda səhiyyə xərclərinin və dövlət səhiyyə gəlirlərinin orta müddətli proqnozu hazırlanıb.

Q.Çerniauskas qeyd edib ki, informasiya texnologiyaları çərçivəsində elektron səhiyyənin texniki quruluşu ilə bağlı nəzəri tərtibat barədə benefisiara tövsiyələr verilib.

Onun sözlərinə görə, layihə çərçivəsində xidmətlər zərfinin hazırlanması və tibbi xidmətlər üzrə satınalma müqavilələrinin bağlanması, əhalinin ehtiyacları və səhiyyə sahəsində ölkənin strateji maraqları nəzərə alınmaqla müqavilə şərtlərinin formalaşdırılması sahəsində yerli təlimçilər qrupu hazırlanıb.

Xatırladaq ki, 2017-ci ilin avqust ayından həyata keçirilən layihə cari ilin avqustunda yekunlaşacaq.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşir və ümumi büdcəsi 1.1 milyon avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti