...

“Gömrük sahəsində islahatlar: “Yaşıl dəhliz” sisteminin tətbiqinin nəticələri və perspektivlər” mövzusunda 2-ci Respublika Forumu keçirilib (FOTO)

İqtisadiyyat Materials 20 Dekabr 2019 20:24 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Xarici Ticarət İştirakçılarının “Gömrük sahəsində islahatlar: “Yaşıl dəhliz” sisteminin tətbiqinin nəticələri və perspektivlər” mövzusunda 2-ci Respublika Forumu keçirilib.
“Gömrük sahəsində islahatlar: “Yaşıl dəhliz” sisteminin tətbiqinin nəticələri və perspektivlər” mövzusunda 2-ci Respublika Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Xarici Ticarət İştirakçılarının “Gömrük sahəsində islahatlar: “Yaşıl dəhliz” sisteminin tətbiqinin nəticələri və perspektivlər” mövzusunda 2-ci Respublika Forumu keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, Forum gömrük sistemində həyata keçirilən islahatlar və nəticələr, “Yaşıl dəhliz” buraxılış sistemi və bu layihənin faydalarından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Tədbirin açılış mərasimində Dövlət Gömrük komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, beynəlxalq təşkilatların, xarici diplomatik korpusların, biznes qurumlarının nümayəndələri, 900-dən artıq iş adamı iştirak edib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin uzun müddətli inkişaf strategiyasının müəyyənləşdirildiyini, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların hərtərəfli inkişafımızın davamlılığını təmin etdiyini bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, son iki ildə gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə institusional islahatların əhatə dairəsi genişləndirilib ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında mühüm rol oynayıb.

Vurğulanıb ki, beynəlxalq təcrübədə gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlar tətbiq olunur və bu proqramlar dövlətlə özəl sektor, gömrüklə biznes arasında qarşılıqlı etimad prinsiplərinə söykənən səmərəli əməkdaşlığın qurulmasına şərait yaradır.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin fərmanına əsasən, bu ilin fevralından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi bu prinsiplərə əsaslanır. Artıq 505 hüququ şəxsin bu sistemdən istifadə hüququ əldə etdiyini xatırladan Səfər Mehdiyev xarici ticarət həcminin 8 milyard dollarının “Yaşıl dəhliz” sistemindən istifadə edən biznes subyektlərinin payına düşdüyünü vurğulayıb. O da qeyd olunub ki, “Yaşıl dəhliz” buraxılış sistemi vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına şərait yaradıb.

Səfər Mehdiyev gömrük sistemində tətbiq edilən yeniliklərin maliyyə nəzarətinin gücləndirilməsinə, uçotun düzgün qurulmasına, ticarətin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına şəriat yaratdığını, nəticədə son iki ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürüldüyünü diqqətə çatdırıb.

Kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərindən bəhs edən Səfər Mehdiyev bu sahədə aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlərdən söz açıb və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Forumda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda bütün istiqamətlər üzrə dayanıqlı inkişafın təmin edildiyini və iqtisadiyyatın bütün sahələrində, o cümlədən gömrük sahəsində uğurlu islahatların həyata keçirildiyini qeyd edib.

İnam Kərimov bildirib ki, 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi və ixrac potensialımız genişlənib, məşğulluq səviyyəsi yüksəlib, subsidiyalar artırılıb, aqrar sahəyə dövlət dəstəyi daha çox gücləndirilib ki, bu da fermerlərin rifah halının daha da yaxşılaşmasına səbəb olub.

“Yaşıl dəhliz”dən daimi istifadə hüququ qazanan fermerlərin əldə etdiyi üstünlüklərdən bəhs edən nazir bildirib ki, ilk növbədə, aqrar sahə üzrə ölkəmizin ixrac potensialı artıb. Üstəlik, yeni sistemin tətbiqi ilə birlikdə kənd təsərrüfatı məhsullarının sərhəddən sürətli keçidi təmin edilir, məhsullarımız xarici bazarlara keyfiyyətli, asan və tez çatdırılır. Bu isə öz növbəsində xarici bazarlarda həmin məhsulların rəqabətqabiliyyətliliyini təmin edən mühüm amillərdəndir.

Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardan bəhs edib və islahatlar çərçivəsində gömrük sistemində də uğurlu nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

“Yaşıl dəhliz” buraxılış sisteminin gömrük sistemində tətiq edilən islahatların uğurlu nümunələrindən biri olduğunu vurğulayan Qoşqar Təhməzli bu sistemin könüllü riayət mədəniyyətinin formalaşması və qarşılıqlı etimad prinsiplərinin gücləndirilməsində mühüm rolundan danışıb.

Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun bir çox istiqamətlərdə Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini, gömrük orqanlarının effektiv dəstəyinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə mühüm töhfə verdiyini bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı həyata keçirilən islahatların ölkəmizin dinamik inkişafını təmin etdiyini bildirib və bu islahatların beynəlxalq təşkilatlar, o cümlədən ekspertlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Dünyada müxtəlif dövrlərdə həyata keçirilən islahatlar, uğurlu inkişaf modelləri ilə ölkəmizdə tətbiq edilən yeniliklər, mütərəqqi idarəçilik metodları arasında müqayisələr aparan Vüsal Qasımlı Azərbaycanın inkişaf strategiyasının daim nümunə göstərildiyini diqqətə çatdırıb.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bütün sahələrdə olduğu kimi, gömrük sistemində də reallaşdırılan islahatların büdcə gəlirlərinin artmasına, ticarətin inkişafına şərait yaratdığını, nəticədə əhalinin rifah halının yüksəldiyini bildirib.

Forumda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova və Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası İctimai Birliyinin sədri Səkinə Babayeva gömrük sistemində həyata keçirilən islahatların uğurla icra edilməsindən, ticarətin asanlaşdırılması, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi sahəsində görülən işlərdən məmnunluqla bəhs ediblər.

Forum çərçivəsində idxal-ixrac əməliyyatlarının aparılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi və ümumilikdə könüllü riayət mədəniyyətinin nümayiş etdirilməsində fərqlənən “Sadaf Trade” QSC, “ABC-Telekom” MMC, “RETAİL CROUP AZƏRBAYCAN” MMC, “ATEF Şirkətlər Qrupu” MMC, “Binə Aqro” MMC və “Azhazelnut” MMC-yə “Yaşıl dəhliz” sistemi çərçivəsində könüllü riayət mədəniyyətinə görə” mükafatı təqdim olunub.

Eyni zamanda, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edən 500-cü xarici ticarət iştirakçısı, “Palıd-2015” MMC və Forumun keçirilməsində göstərilən dəstəyə görə BP şirkəti xüsusi mükafata layiq görülüb.

Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti